AZ

Bakı və Abşeron yarımadasında su, kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb - AÇIQLAMA

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı şəhərində sürətli urbanizasiya, əhalinin dinamik artımı və yaşayış massivlərinin genişlənməsi tullantı sullarının axıdılmasında müəyyən problem yaradır. Belə ki, Bakı ətrafı qəsəbələrdə əhalinin sıx məskunlaşması tullantı sullarının müəyyən olunmamış yerlərə axıdılması ilə nəticələnir. Problemin həlli istiqamətində xüsusi proqramın icrasına başlanıb. Belə ki, Bakı və Abşeronda müxtəlif istiqamətlərdə irihəcmli daşıyıcı kollektorların tikintisi, eyni zamanda 3 yeni su tənzimləyici qurğu komplekslərinin tikintisi nəzərdə tutulur. Bu layihələrin hər birinin artıq icrasına başlanılıb. Ümumi magistral kollektorların 2027-ci ildə tamamlanması nəzərdə tutulub.

AZƏRTAC-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Bakı və Abşeron yarımadasında su və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb.

“Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icra olunur. Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində hazırda müntəzəm tikinti-quruculuq işləri icra olunur”, -deyə qurumdam bildirilib.

Qeyd olunub ki, bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq: “Həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkələrinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

 

Seçilən
38
azertag.az

1Mənbələr