Hesablama Palatasının nümayəndə heyəti ARABOSAI Baş Assambleyasının 15-ci toplantısında iştirak edir
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyasında iştirak edir.
Toplantı ARABOSAI Prezidenti olan Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin sədrinin açılış nitqi ilə başlayıb. Sonra ARABOSAI-ın Baş Katibi və INTOSAI-ın sədri və digər qonaqlar çıxış ediblər.
Gündəlik təsdiq olunduqdan sonra Assambleya ARABOSAI qərarlarının icrası və görülən fəaliyyətlərə dair hesabatın təqdimatı ilə davam edib. Daha sonra İdarə Heyəti təşkilatın maliyyə vəziyyəti barədə hesabatı təqdim edib.
Toplantıda Strateji Planlaşdırma Komitəsinin hesabatı, eləcə də İş Planı və Maliyyə Proqramı müzakirə edilərək qəbul olunub.
Həmçinin ARABOSAI-ın növbəti İdarə Heyətinin yeni üzvləri seçilib.
Assambleya çərçivəsində “Ali Audit Orqanlarının Potensialının Artırılması üçün Strateji Yanaşmalar və Planlaşdırma: ISSAI 150-yə uyğun olaraq”, “Təlim Potensialının Gücləndirilməsinin İdarə Edilməsi və Təlimin Təsirinin Qiymətləndirilməsi” və "Ali Audit Orqanlarının əməkdaşlarının institusional potensialının inkişafı ilə bağlı uğurlu təcrübələri araşdırmaq" mövzuları üzrə təqdimatlar və müzakirələr keçirilib.
Qeyd edək ki, Hesablama Palatası ARABOSAI-ın 15-ci Baş Assambleyasında Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin rəhbərinin dəvəti ilə iştirak edir.
Süleyman