Kiyev, 3 dekabr, AZƏRTAC
Müharibə bitdikdən sonra Ukrayna əcnəbi işçiləri cəlb etməli olacaq, çünki işçi çatışmazlığı artıq kritikdir və daha da pisləşəcək.
AZƏRTAC xəbər verir ki, bunu “RBK-Ukrayna”ya müsahibəsində Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova söyləyib.
Libanovanın sözlərinə görə, aşağı maaş və kütləvi miqrasiya səbəbindən Ukrayna artıq işçi çatışmazlığı ilə üzləşib. Müharibədən sonra vəziyyət daha da gərginləşəcək, çünki sürətlə qocalan Avropa ölkələri ukraynalı miqrantların geri qayıtmasında maraqlı deyil.
"Həmin ölkələrin hökumətləri onları saxlamaq üçün hər şeyi edəcək. Qadın miqrantlarımızın təxminən 70 faizi ali təhsillidir, 80 faizdən çoxu isə işlə təmin olunub. Onlar Avropa üçün çox dəyərli kadrlardır", - deyə Libanova izah edib.
Libanova qeyd edir ki, beynəlxalq qurumlar artıq bəzi ukraynalıların geri qaytarılmaması halında Ukraynanın yenidən qurulması layihəsinin təhlükə altına düşə biləcəyini deyirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev