AZ

Sumqayıtın “Qurd dərəsi”nin dağ boyda problemləri nə vaxt həll olunacaq? – Rəsmi qurumdan sakinlərə MÜJDƏ

Sumqayıt şəhərindən cəmi 2-3 kilometr aralıda yerləşən “Qurd dərəsi” adlanan yaşayış massivi illərdir diqqətdən kənarda qalıb.

Bu barədə KONKRET.az-a şikayət məktubu daxil olub.

Sumqayıtın “Qurd dərəsi” yaşayış massivindən daxil olan şikayətdə bildirilir ki, ərazi uzun illərdir ciddi sosial problemlərlə üz-üzə qalıb.

Şəhərə yaxın olsa da, massivdə yol, nəqliyyat, kanalizasiya, işıqlandırma və tibbi xidmət kimi əsas infrastruktur demək olar ki, yoxdur.

Sakinlər deyirlər ki, yolların bərbad olması səbəbindən müasir avtobuslar burada işləyə bilmir, köhnə “PAZ”lar isə tez-tez sıradan çıxır. Normalda 10 dəqiqəlik məsafəyə getmək üçün sakinlər 45-50 dəqiqə vaxt sərf edir. Yağışlı günlərdə yollar tam keçilməz olur, taksilər isə əraziyə girməkdən imtina edir.

Massivdə aptek, rabitə xətti və dövlət idarələrinin olmaması da gündəlik çətinliklər yaradıb. Yalnız bir məktəb və yeni istifadəyə verilmiş polis bölməsi mövcuddur.

Son aylarda əraziyə əlavə təhlükə yaradan daha bir problem – sahibsiz itlərin çoxalması ortaya çıxıb. Sakinlər bildirirlər ki, axşam saatlarında itlər sürü halında gəzir, aqressivləşir və insanlara hücum edir. Qaranlıq küçələrdə işıqlandırmanın olmaması vəziyyəti daha da ağırlaşdırır. Uşaqlar məktəbdən tək qayıda bilmir, insanlar qorxu içində yaşayır. Hətta itlərin avtomobillərə hücum etməsi qəza riskini artırır.

Sakinlər deyirlər ki, bu şikayətlər illərdir müvafiq qurumlara çatdırılsa da real tədbir görülməyib. Onlar aşağıdakılar üzrə təcili addımlar atılmasını tələb edir:
• Sahibsiz itlərin toplanaraq təhlükəsiz sığınacaqlara yerləşdirilməsi və qısırlaşdırılması;
• Küçə işıqlandırmasının təmin edilməsi;
• Yol və nəqliyyat probleminin həlli;
• Massivdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi.

Sakinlərin sözlərinə görə, indiki vəziyyət dəyişməsə, daha ciddi hadisələrin yaşanacağı qaçılmazdır.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Qurd dərəsi” adlanan ərazisi inzibati baxımdan bağlar zonası olmaqla yanaşı, Sumqayıt Bələdiyyəsinin xidməti ərazisinə daxildir:

“Sözügedən ərazi ilə bağlı daxil olan müraciətlər və sakinlərin qaldırdıqları məsələlər Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətlə araşdırılıb, mövcud problemlərin aradan qaldırılması məqsədilə mərhələli tədbirlər planı hazırlanaraq icrasına başlanılıb.

Ərazidə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə asfaltlanma işləri həyata keçirilir. Son illərdə 17, 18 və 27 nömrəli marşrut xətlərinin hərəkət etdiyi yollar üzrə təmirə ehtiyac olan hissələrdə asfaltlanma işləri aparılıb. Mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması isə dövlət proqramı çərçivəsində nəzərdə tutulub və müvafiq mərhələlər üzrə icra olunacaq.

Sahibsiz itlərlə bağlı təhlükəsizlik və sağlamlıq tələblərinə uyğun olaraq, onların toplanması, peyvəndlənməsi, xüsusi ayrılmış sahələrə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. Küçələrin işıqlandırılması ilə bağlı son illər ərazidə bir sıra tədbirlər görülüb, bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti olaraq qeyd olunan bağlar massivində sosial infrastrukturun daha da yaxşılaşdırılması üçün aidiyyəti qurumlarla birgə fəaliyyətimiz davam etdiriləcək”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
136
konkret.az

1Mənbələr