AZ

TƏCİLİ: Əli Kərimlidən sonra AXCP belə fəaliyyət göstərəcək

AXCP sədri Əli Kərimlinin həbsi partiyanın gələcək fəaliyyət istiqamətlərinin necə formalaşacağı ilə bağlı suallar yaradıb. Maraqlıdır, AXCP Əli Kərimlinin həbsindən sonra necə fəaliyyət göstərəcək?

Məsələ ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı KONKRET.az-a açıqlama verib.

Tural Abbaslının sözlərinə görə, hər bir siyasi təşkilat rəhbərinin həbsi həmin partiyanın fəaliyyətinə ciddi təsir göstərir:

“Azərbaycan siyasi mühitində partiyalar adətən liderlərin ətrafında formalaşır. Lider həm təşkilatın aparıcı qüvvəsidir, həm də fəaliyyətə istiqamət verən şəxsdir. Ona görə də partiya sədrinin birdən-birə hər hansı səbəbdən həbs olunması həmin təşkilatın işini xeyli çətinləşdirir”.

Partiyanın fəaliyyət prioritetlərinin də dəyişəcəyini bildirən Abbaslı vurğulayıb ki, AXCP bundan sonra yalnız siyasi məqsədlər uğrunda mübarizə aparmaqla kifayətlənməyəcək:

“Dünənə qədər hakimiyyətə gəlmək, siyasi proseslərdə iştirak əsas hədəflər idisə, indi prioritetlərdən biri partiya sədrinin azad olunması, onun hüquqlarının qorunması, beynəlxalq müdafiəsinin təşkili və ictimai rəyin formalaşdırılması olacaq”.

Ağ Partiya sədrinin fikrincə, AXCP-də mövcud struktur fəaliyyətini davam etdirməlidir:

“Partiyanın bəlli strukturu var. Sədr olmasa belə, o struktur işləməlidir. Kimsə məsuliyyəti üzərinə götürüb sədrdən sonra boşalan funksiyaları icra etməlidir. Hazırkı situasiyada bu asan deyil, amma mümkündür”.

Tural Abbaslı bildirib ki, onlar düşmənçiliyin deyil, siyasi rəqabətin tərəfdarıdırlar. Partiya sədrinin həbsi isə daha çox səs-küy və gərginlik yaradır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr