AZ

“Qarabağı birləşdirməliyik…”: erməni revanşistlər yenidən “DİRÇƏLDİ” – Təhlükəli gediş

Ermənistanda bir qrup siyasi dəllal yenidən Qarabağ məsələsini gündəmə gətirmək üçün qollarını çırmayıblar. Onlar indi də Qarabağın Ermənistana “birləşdirilməsi” kimi çeynənmiş ideyanı ortaya atıblar.

Erməni Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababayan iddia edib ki, bu prosesi reallaşdırmaq lazımdır. “Müasir tariximizin ən təməl daşı Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsini elan etmək idi. Onu həyata keçirmək lazımdır”.

Göründüyü kimi, Ağababayan kimi sarsaqlar yenə qızışıb, həvəsə gəliblər. 44 günlük müharibədən aldıqları dərsləri unudublar. Buyursunlar, bu dəfə 44 gün lazım olmayacaq. Ən pis halda 1 həftə kifayət edəcək.

İntəhası, onların Baş naziri Nikol Paşinyan həmin çürük ideyanı konstitusiyadan çıxarmağa hazırlaşır və martda yeni qanunvericilik mətni hazır olacaq.

Yəni erməni millətçiləri, daşnak qüvvələri birdəfəlik anlamalıdırlar ki, Qarabağın Ermənistana birləşdirilməsi absurd məsələdir və bunu unutmalıdırlar. Hətta bunu işğal dövründə edə bilməyiblər.

Paşinyan isə bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyib və 8 avqustda sülh mətni paraflanıb. Orada isə tərəflərin biri-birinə qarşı ərazi iddiaları qaldırmaması razılaşdırılıb.

Ağababayan kimilər niyə hələ də sərsəm çıxışlar edirlər? Erməni cəmiyyəti doğurdanmı gələcəkdə Qarabağın Ermənistana birləşdiriləcəyinə inanır? Ermənilərlə azərbaycanlıların qarşılıqlı səfərləri bu prosesə təsir edəcəkmi?

Elçin Xalidbəyli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Elçin Xalidbəyli deyib ki, Ermənistanda bu açıqlamaları verənlərin özləri də bunun reallıqdan uzaq olduğunu çox yaxşı anlayırlar:

“Ancaq məsələ ondadır ki, yeni erməni cəmiyyəti üçün əsas problem budur: erməni siyasəti fəlsəfi olaraq məhz belə absurd və qeyri-real uydurmalar üzərində qurulub. Erməni toplumu bu cür real olmayan ideyalardan və iddialardan xüsusi şəkildə stimullaşır. Yəni bu, onilliklər, hətta yüzilliklər boyu erməni siyasi düşüncəsinə və dünyagörüşünə yerləşdirilmiş bir simptomdur”.

Xalidbəyli qeyd edib ki, bu səbəbdən erməni toplumunun yaxın gələcəkdə bu problemlərdən və yeni düşüncə ziddiyyətlərindən xilas olacağı o qədər də inandırıcı görünmür:

“Ermənilər həmişə problem olaraq qalacaqlar və onlar hər zaman qonşu ölkələrin, xüsusilə Azərbaycan və Türkiyənin ərazilərinə iddia etməkdə davam edəcəklər. Çünki bu, onların dünyagörüşünə uzun illər ərzində yerləşdirilmiş və siyasi-ideoloji xətt kimi davam etdirilən düşüncə modelidir. Son açıqlamalar və iddialar da bu baxımdan qətiyyən təəccüblü deyil.

Xüsusilə də Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində bu kimi iddiaların daha da intensiv xarakter alacağı istisna olunmur. Çünki Qarabağ klanı, radikal revanşist düşərgə və erməni kilsəsi başqa mübarizə tezisləri tapmaqda çətinlik çəkirlər.

Bu tezislər Ermənistan cəmiyyətində daha asan qəbul olunduğu üçün radikal dairələr məhz bu iddialardan istifadə etməkdə israrlıdırlar”.

Elçin Xalidbəyli bildirib ki, eyni zamanda bu tezislər radikal revanşist düşərgənin bir çox funksionerinə maliyyə qazancı da gətirir:

“Ona görə də onlar şəxsi və qrup maraqları naminə Ermənistanın gələcəyini təhlükə altına qoyacaq iddiaları gündəmdə saxlamaqdan çəkinmirlər.

Ən əsası isə, Ermənistandakı radikal revanşist düşərgənin Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirməsinin arxasında Kremlin təsiri açıq şəkildə hiss olunur.

Son vaxtlar Rusiya siyasi dairələri bu tip tezisləri və mövzuları tez-tez gündəmə gətirir, eyni zamanda Ermənistandakı agentura şəbəkəsinə həmin uydurma iddiaları cəmiyyətə təbliğ etmək və ölkədə vəziyyəti daha da gərginləşdirmək üçün mesajlar ötürürlər.

Bu mesajlar çox zaman gizli emissarlar vasitəsilə çatdırılır.

Hazırkı şəraitdə həm Rusiya, həm də onun Ermənistandakı agentura şəbəkəsi, o cümlədən radikal revanşist dairələr üçün Ermənistan cəmiyyətində Azərbaycana qarşı sərt mövqenin formalaşması və Ermənistan–Azərbaycan münasibətlərinin gərginləşməsi daha sərfəlidir. Onlar bu prosesi daha da inkişaf etdirməyə çalışırlar. Lakin böyük ehtimalla özləri də anlayırlar ki, irəli sürdükləri iddialar utopikdir və bundan sonra heç vaxt reallaşmayacaq bir yanaşma tərzidir”.

Cabbar

Seçilən
56
nocomment.az

1Mənbələr