Bakıda mikromobilliyin inkişafı çərçivəsində son aylarda çoxsaylı yeni veloparkinq məntəqələri quraşdırılsa da, onların yerləşdirilməsi ilə bağlı bəzi praktiki problemlər qalmaqdadır. Əsas narazılıq isə veloduracaqların səkilərdə yerləşdirilməsi ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, velosiped və elektrikli velosipedlərin icarəsinin rahat olması mikromobilliyin təşviqi baxımından vacib şərtdir. İstifadəçi yaxınlaşmalı, tətbiq vasitəsilə kilidi açmalı, hərəkət edib çatdığı yerdə rahat şəkildə park edə bilməlidir. Lakin paytaxtdakı hündür səkilər bu prosesi xeyli çətinləşdirir. Xüsusilə elektrikli velosipedlərin çəkisinin təxminən 40 kiloqram olması onların səkilərə qaldırılıb-endirilməsini problemli edir.
Bəzi hallarda “panduslar var” deyilsə də, mütəxəssislər bildirir ki, pandusların çoxu veloparkinqlərdən uzaqda yerləşir. Velosipedçilər isə adətən velozolaqda hərəkət etdiklərindən pandusun hansı tərəfdə olduğunu belə görmürlər.
Bununla belə, şəhərdə daha uğurlu nümunələrə də rast gəlinir. Məsələn, 28 May küçəsində veloparkinq təhlükəsizlik adacığında quraşdırılıb ki, bu da velosipedçilərin həm rahat dayanmağını, həm də yola təhlükəsiz qoşulmasını asanlaşdırır. Bu modelin paytaxt üzrə genişləndirilməsi təklif olunur.
Hüseyn Cavid prospektində isə vəziyyət fərqlidir. Buradakı hündür bordürlər velosipedçilərin parklanmasını çətinləşdirir. Mütəxəssislər hesab edir ki, bu ərazidə iki çıxış yolu mümkündür: veloduracağın qarşısında əlavə pandus qurulması və ya parkinq yerinin yol səviyyəsində çıxıntılı platforma şəklində layihələndirilməsi. Bu, həm əlçatanlığı artırar, həm də mikromobillik istifadəçiləri üçün daha təhlükəsiz və praktik həll olar.
Eltac

