AZ

COP29-un əsas nailiyyətlərindən biri də COP31-in Türkiyədə keçirilməsi üçün Azərbaycanın oynadığı vasitəçi roludur - ŞƏRH

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycanın COP29-da sədrliyinin iki ili həm ölkə, həm də qlobal iqlim prosesi üçün əhəmiyyətli nəticələrlə yadda qalıb. COP prosesi BMT sistemində xüsusi nüfuzu olan, dünya üzrə ən geniş və birləşdirici mövzulardan biridir. Azərbaycan bu böyük və məsuliyyətli missiyanı üzərinə götürərək ikinci ən böyük COP-a ev sahibliyi edib və bu müddətdə yüksək təşkilatçılıq, effektiv danışıqlar və inkluzivlik baxımından nümunəvi nəticələr əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai səsləndirib.

Deputat vurğulayıb ki, bu qiymətləndirmə yalnız Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də fikridir. Ölkəmizin ev sahibliyi etdiyi COP29-da ən mühüm nailiyyətlərdən biri inkişaf etməkdə olan ölkələr üçün 300 milyard dollarlıq iqlim maliyyəsinin səfərbər olunması ilə bağlı qərarın qəbul edilməsi olub. Bu, COP tarixində qəbul olunmuş ən böyük maliyyə öhdəliklərindən biridir və bu nəticənin əldə edilməsində Azərbaycanın danışıqlar komandası mühüm rol oynayıb.

Nigar Arpadarai qeyd edib ki, Azərbaycan Sədrliyi ilk gündən Prezident İlham Əliyevin iqlim məsələlərinə dair strateji yanaşmasını öz fəaliyyətinin əsas xəttinə çevirib. Neft-qaz ölkəsi olmasına baxmayaraq, Azərbaycanın bərpa olunan enerji üzrə böyük planları və bu sahədə müəyyən etdiyi strategiya COP prosesində ölkəmizin mövqeyini daha da gücləndirib. Prezidentin əsas çağırışlarından biri olan həmrəylik mesajı müxtəlif mövqelərə sahib ölkələrin bir araya gətirilməsində mühüm rol oynayıb. Deputat bildirib ki, iqlim məsələləri çox vaxt fərqli yanaşmalara səbəb olur və ortaq qərar tapmaq çətinləşir, lakin Azərbaycan dürüst vasitəçi kimi çıxış edərək dövlətləri razılıq platformasında birləşdirə bilib.

Onun sözlərinə görə, COP29-dan sonra da fəaliyyət davam etdirilib və Azərbaycan COP30 komandası ilə sıx əməkdaşlıq aparıb. Danışıqlar, təşkilati məsələlər və mövzu üzrə işlərdə COP29-un təcrübəsi COP30-a ötürülüb və bu əməkdaşlıq yüksək qiymətləndirilib.

Deputat bildirib ki, COP29 həm də inkluzivliyi ilə seçilib. Burada yalnız dövlət nümayəndələri deyil, böyük beynəlxalq şirkətlər, özəl sektor, kiçik sahibkarlar və vətəndaş cəmiyyəti nümayəndələri də geniş təmsil olunub. Parlamentin COP29 çərçivəsində təşkil etdiyi tədbir də xüsusi yadda qalıb və bu il COP30-da həmin ölkələrin nümayəndələri Azərbaycanın həmin təşəbbüsünü məmnuniyyətlə xatırladıqlarını bildiriblər. Nigar Arpadarai Sahiba Qafarovanın COP30-da Azərbaycanın ən yüksək səviyyədə təmsil olunmasına verdiyi töhfəni də qeyd edərək təşəkkürünü bildirib.

Deputat vurğulayıb ki, COP29-un əsas nailiyyətlərindən biri də COP31-in Türkiyədə keçirilməsi üçün Azərbaycanın oynadığı vasitəçi roludur. “Bu rolu bizim danışıqçılar apardı. Bu məsələdə aparılan danışıqlar uğurla nəticələnib və ölkəmiz regional əməkdaşlığa mühüm töhfə verib”, - deyə N.Arpadarai əlavə edib.

Sonda Nigar Arpadarai qeyd edib ki, COP29 sədrliyinin iki ili ərzində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb və ölkə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Seçilən
37
azertag.az

1Mənbələr