AZ

Nazirlikdə Peşə Təhsili Agentliyinə paralel struktur yaratmaq hansı maraqdan doğub...


Kamran Əsədov: “Peşə təhsili üzrə problemlərin mövcudluğu təkcə struktur deyil, həm də kəmiyyət göstəricilərində özünü göstərir”

“Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb”. Bunu“Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib.

Qeyd edək ki, uzun müddətdir ölkədə peşə təhsili ilə bağlı problemlərin olduğu vurğulanır. Peşə təhsili üzrə təhsilalanların sayının ildən-ilə azaldığını statistik rəqəmlər də təsdiq edir.

Hətta zamanla Peşə Təhsili üzrə Dövlət Agentliyinin ləğv olunması ilə bağlı çağırışlar belə edilib. Hazırki şəraitdə nazirlikdə peşə təhsilinə cavabdeh olan yeni bölmənin yaradılması bu sahədə problemlərin olduğunu göstərirmi? Ümumiyyətlə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin ləğvi gözlənilirmi?

“Peşə təhsilinə cavabdeh yeni bölmənin yaradılması problemlərin mövcudluğunu təsdiqləsə də, daha vacib olaraq onların həlli üçün dövlətin siyasi iradəsini göstərir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Elm və Təhsil Nazirliyinin strukturunda peşə təhsilinə cavabdeh olan yeni bölmənin yaradılması peşə təhsili sistemində uzun illərdir mövcud olan idarəetmə boşluqlarını aradan qaldırmağa yönəlmiş strateji addımdır. Bu dəyişiklik təsadüfi inzibati qərar deyil, əmək bazarı ilə peşə təhsili arasında yaranmış uyğunsuzluğun dərinləşməsi, tələbə axınının azalması və sistemin nəticəyönümlü fəaliyyət göstərə bilməməsi kimi problemlərin kəskinləşməsi fonunda ortaya çıxıb: “Son on ilin dinamikası göstərir ki, peşə təhsili üzrə tələbə qəbulu artıb: 2015–2024-cü illər arasında peşə məktəblərinə qəbul 27–30% civarında irəliləyib. Əmək bazarı isə eyni dövrdə yüksək ixtisaslı texniki kadrlara tələbatı 2,1 dəfə artırıb. Bu uyğunsuzluq göstərir ki, idarəetmə modeli əvvəlki formatda sektoru inkişaf etdirə bilmir.

Qanunvericilik də bu istiqamətdə dəyişikliyin zəruriliyini təsdiqləyir. “Peşə Təhsili haqqında” Qanunun 4.1-ci maddəsinə görə, peşə təhsilinin əsas vəzifəsi əmək bazarının real tələblərinə cavab verən kadr hazırlığını təmin etməkdir. Eyni qanunun 5.3-cü maddəsində isə idarəetmənin “çevik, səmərəli və vahid koordinasiya mexanizmi əsasında” təşkil edilməsi tələb olunur. Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair illik hesabatlarda səmərəlilik göstəricilərinin aşağı olması — xüsusilə məzunların yalnız 32–34%-nin ixtisası üzrə işə yerləşməsi — bu qanun maddələrinin praktikada tam icra edilmədiyini göstərirdi. Nazirlikdə yeni bölmənin yaradılması isə məhz bu tələblərin təmininə yönəlmiş addımdır və idarəetmədə daha vahid mərkəz formalaşdırır”.

Ekspert hesab edir ki, peşə təhsili üzrə problemlərin mövcudluğu təkcə struktur deyil, həm də kəmiyyət göstəricilərində özünü göstərir. Dünya Bankının 2023-cü il hesabatına əsasən, Azərbaycan peşə təhsili üzrə tələbə payı baxımından Avropa ölkələrinin çoxundan geri qalır: ölkədə ümumi təhsilalanların cəmi 8–9%-i peşə təhsili seçdiyi halda, Almaniyada bu göstərici 52%, Çexiyada 69%, Estoniyada 45%-dir: “Bu müqayisə göstərir ki, peşə təhsilinin cəlbediciliyi aşağı olan ölkələrdə idarəetmə modeli həm mərkəzləşdirilir, həm də əmək bazarı ilə əlaqə gücləndirilir. Nazirliyin yeni addımı da məhz bu uğurlu təcrübə ilə üst-üstə düşür. Mövcud vəziyyət göstərir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin ləğvi çağırışları həmin qurumun funksional səmərəliliyi ilə bağlı narazılıqlardan qaynaqlansa da, hazırkı şəraitdə agentliyin dərhal ləğvi real görünmür. Dövlət idarəetmə sistemində adətən ilk olaraq nəzarət mexanizmləri gücləndirilir, sonra isə nəticələrə uyğun struktur dəyişikliyi həyata keçirilir. Nazirlik daxilində yeni bölmənin yaradılması agentliyin fəaliyyətinə daha ciddi və sistemli nəzarət mexanizmi yaradır və bu mərhələdə məqsəd strukturun tam ləğvi deyil, fəaliyyətin koordinasiyasını artırmaqdır. Eyni zamanda, bu addım gələcəkdə peşə təhsilinin mərkəzləşdirilməsi üçün baza yaradır, çünki idarəetmə funksiyası artıq nazirlik səviyyəsində gücləndirilir. Bu dəyişikliklərin müsbət tərəfi ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi peşə təhsilini sistem daxilində prioritet sahə kimi müəyyən edir. Son illərdə nazirlik ümumiyyətlə idarəetmədə çevik modelə keçid, müəllim hazırlığının optimallaşdırılması, ali təhsil islahatları, STEAM və rəqəmsal bacarıqların genişləndirilməsi kimi sahələrdə əhəmiyyətli nəticələr göstərib. Bu fəallıq peşə təhsili istiqamətində də yeni yanaşmaların tətbiqini mümkün edir. Nazirliyin struktur dəyişikliyi bürokratik yükü azaldır, qərarların daha operativ qəbulunu təmin edir, əmək bazarı ilə peşə məktəbləri arasında daha səmərəli əlaqə yaratmağa imkan verir. Nəticədə peşə məktəblərinin məzunlarının işlə təmin olunma səviyyəsinin artması, tələbə axınının çoxalması, peşə təhsili sisteminin prestijinin yüksəlməsi gözlənilir.

Dünya təcrübəsi göstərir ki, uğurlu peşə təhsili sistemi üçün ən vacib amillərdən biri idarəetmənin mərkəzləşdirilməsi, səlahiyyət bölgüsünün dəqiq müəyyən edilməsi və vahid standartların tətbiqidir. Almaniya, Avstriya və Estoniya nümunələri göstərir ki, peşə təhsilinin güclü olduğu ölkələrdə dövlət-özəl sektor əməkdaşlığı mərkəzləşdirilmiş idarəetmə çərçivəsində həyata keçirilir və nəticədə həm kadr hazırlığı, həm də məşğulluq göstəriciləri yüksək olur. Azərbaycanın hazırkı addımı da məhz bu modelə yaxınlaşmağa xidmət edir”.

Həmsöhbətimizin fikrincə,peşə təhsilinə cavabdeh yeni bölmənin yaradılması problemlərin mövcudluğunu təsdiqləsə də, daha vacib olaraq onların həlli üçün dövlətin siyasi iradəsini göstərir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addım müsbət və əsaslandırılmış islahatdır, idarəetmədə səmərəliliyi artıracaq, əmək bazarı ilə peşə təhsili arasında balansı gücləndirəcək və sistemin uzun müddət özünü doğrultmasına şərait yaradacaq: “Bu dəyişikliklər peşə təhsilinin modernləşdirilməsi üçün zəruri mərhələdir və gələcəkdə daha dərin struktur islahatları üçün baza funksiyası daşıyacaq”.

Günel CƏLİLOVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr