AZ

Trampın Ukrayna üzrə 9-cu saziş maddəsi qalmaqal yaratdı...


ABŞ-ın 2025-ci ilin noyabrında təqdim etdiyi 28 maddəlik sülh planının ilkin versiyası Ukrayna üçün ağır şərtlər nəzərdə tuturdu: ordunun sayının azaldılması, uzaqmənzilli silahlardan imtina, NATO-ya üzvlük iddiasından vaz keçmək və digər məhdudiyyətlər.

Planın 9-cu maddəsində Avropa qırıcı təyyarələrinin Polşada yerləşdirilməsi kimi təşəbbüs qeyd olunmuşdu. Lakin bu ideya nə Avropa Birliyi, nə də Polşa ilə əvvəlcədən müzakirə edilib. Polşa ilə ABŞ arasında bu istiqamətdə heç ikitərəfli danışıqların olmaması planın məntiqi baxımdan ziddiyyətli görünməsinə səbəb olurdu. İlkin sənəddə NATO-nun Ukraynada daimi qoşun yerləşdirməməsi, əsas yükün isə Polşada mərkəzləşməsi nəzərdə tutulmuşdu. Avropadan, xüsusən də Polşanın baş naziri Donald Tuskun sərt reaksiyasından sonra planın bəzi maddələri dəyişdirildi və sənədin ümumi həcmi 28 maddədən 19 maddəyə endirildi. Nəticədə, ilkin və son versiyalar arasında NATO-nun rolu, Polşanın mövqeyi, Avropa qırıcılarının yerləşdirilməsi və bölgənin təhlükəsizlik arxitekturası baxımından ciddi fərqlər yarandı.

Bütün bunlar göstərir ki, Tramp administrasiyasının planı bir neçə strateji xətt üzrə formalaşıb. Birincisi, ABŞ müharibəni “barış + dondurulmuş status-kvo” modelilə bitirmək istəyir, bu isə faktiki olaraq Rusiyanın bəzi işğal olunmuş ərazilərə nəzarətini legitimləşdirə bilən, Moskvanın tələb etdiyi qaydalara yaxın bir yanaşmadır. Belə bir razılaşma Rusiyanı beynəlxalq sistemdə qismən normallaşdırmağa imkan verir. Eyni zamanda bu, Vaşinqton üçün Rusiyanı uzunmüddətli strateji balansda saxlamaq üsulu kimi qiymətləndirilir. İkincisi, Polşada NATO və ya Avropa hava qüvvələrinin yerləşdirilməsi ABŞ-ın Avropadakı mövqeyini gücləndirmək, belə ki, Şərq Cinahında hava üstünlüyü təmin etmək və Polşa kimi strateji tərəfdaşlarla daha dərin hərbi bağlar qurmaq məqsədi daşıyırdı. Üçüncüsü, planın qurulmasında Avropa liderlərinin prosesdən kənarda saxlanılması cəhdi görünür; sanki münaqişənin həlli birbaşa ABŞ-Rusiya dialoqu çərçivəsində, Ukraynanın və Avropanın rolu minimum səviyyədə olmaqla həyata keçirilməli idi. Bu, ABŞ-ın Avropa siyasətinə yön vermək və qitədə liderliyi yenidən öz əlinə almaq niyyəti kimi qiymətləndirilir. Dördüncüsü, plan Ukraynaya təzyiq mexanizmi kimi istifadə edilirdi: yardımın davamı və təhlükəsizlik zəmanətləri ancaq sülh razılaşmasına razılıq verilməsi şərti ilə irəli sürülürdü ki, bu isə Kiyevə açıq mesaj idi - ya güzəşt, ya da yardımın azalması.

Trampın bu yanaşması həm Avropada, həm də Ukraynada ciddi narahatlıq doğurub. Avropa liderləri Ukraynanın ordusunun məhdudlaşdırılması və NATO üzvlüyündən imtinası kimi bəndləri öz təhlükəsizlik arxitekturaları üçün risk hesab edirlər. Polşada Avropa qırıcılarının yerləşdirilməsi ideyası Moskva tərəfindən təhdid kimi görülə, bu isə bölgədə yeni gərginlik dalğasına səbəb ola bilər. Ukrayna üçün planın nəzərdə tutduğu güzəştlər torpaq itkiləri, müdafiə imkanlarının zəifləməsi və suverenlik problemləri deməkdir. Belə bir sülh modeli Kiyevdə və bir çox Qərb paytaxtlarında “məğlubiyyətin rəsmiləşdirilməsi” kimi qəbul olunur və Rusiyanın həm hərbi, həm diplomatik baxımdan qazanc əldə etməsinə şərait yaradır. Bu cür nəticələr Avropanın uzunmüddətli təhlükəsizlik siyasətinə ciddi təhdid kimi qiymətləndirilir.

ABŞ-ın bu strategiyanı davam etdirməsi halında mümkün ssenari belə görünə bilər: Vaşinqton ilə Moskva arasında bilavasitə anlaşma formalaşar, Ukrayna və Avropa isə ikinci dərəcəli iştirakçı kimi prosesdən kənarda qala bilər. Polşa və digər NATO ölkələrində yeni hava bazaları yaradılar, bu isə ABŞ-ın bölgədəki mövqeyini daha da gücləndirər. Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri formal və məhdud ola, nəticədə Rusiya riskləri minimuma endirərək ərazi qazanclarını qoruyub saxlaya bilər. Bu model Avropada narahatlıqlar yaradır, çünki NATO-nun kollektiv müdafiə prinsipləri zəifləyir, ABŞ isə qitədə daha dominant aktor mövqeyinə yüksəlir. Beləliklə, bütün proses “ABŞ-Rusiya danışıqları, üstəgəl minimal Avropa təsiri və Ukraynanın məhdud rolu” düsturu üzərində qurulur.

Sözügedən modelin məhz bu dönəmdə ortaya çıxmasının səbəbləri də aydındır. ABŞ uzunmüddətli, bahalı və siyasi cəhətdən risqli yardım siyasətindən yorulub. Tramp administrasiyası həm diplomatik nəticə əldə etmək, həm Rusiyanı balansda saxlamaq, həm də Avropada öz liderlik rolunu bərpa etmək istəyir. Rusiya isə müharibə və sanksiyaların yaratdığı təzyiqə baxmayaraq, bu plan vasitəsilə həm ərazi nəzarətini rəsmiləşdirmək, həm də beynəlxalq arenaya qismən dönüş əldə etmək arzusundadır. Avropa, xüsusilə Polşa və Baltik ölkələri isə bu yanaşmanı təhlükəli hesab edir, çünki hərbi balansın pozulması və Ukraynanın zəifləməsi onların milli təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Nəticə etibarilə, Trampın sülh planı yalnız müharibəni dayandırmaq məqsədi daşımır - bu sənəd ABŞ-ın Avropadakı rolunu yenidən müəyyənləşdirmək, Rusiya ilə yeni balans yaratmaq və Qərb təhlükəsizlik arxitekturasını yenidən dizayn etmək cəhdi kimi qiymətləndirilir. Lakin plan həm Ukrayna, həm Avropa, həm də ümumi regional sabitlik üçün ciddi risqlər ehtiva edir və buna görə də geniş etirazla qarşılanır.

Akif NƏSİRLİ

Seçilən
48
50
baki-xeber.com

10Mənbələr