AZ

Hizbullah a qarşı yeni müharibə başlaya bilər

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qəzzada kövrək atəşkəs 9 oktyabr 2025-ci ildə qüvvəyə mindikdən qısa müddət sonra Livanın cənubunda bir sıra partlayışlar baş verdi. İsrailin “Hizbullah”la əlaqəli olduğu iddia edilən mülki yaşayış məntəqələrinə və müəssisələrə etdiyi hücumlar, 2024-cü ilin oktyabr atəşkəsindən bəri ən şiddətli hücumlar oldu.

Oktyabr və noyabr aylarında “Hizbullah”a aid olmayan hədəfləri vurmaq üçün adi hücumlarından kənara çıxan İsrail, "Mavi Xətt" yaxınlığında patrul xidməti göstərən Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) qoşunlarını çıxarmaqla Livanda "bufer zonası" yaratmaq planlarını tədricən həyata keçirməyə başladı.

Atəşkəsdən bəri Livanda on mindən çox qanun pozuntusu törədən İsrail indi bu ölkə ilə yenidən müharibəyə qapı açıb. Ən son hadisə noyabrın 23-də Dahiyada baş verən sui-qəsd oldu. Hizbullahın Naim Qasimdən sonra ən yüksək rütbəli komandiri Heytəm Əli Təbatəbaiyə qarşı yönələn hücum təkcə Livan siyasətçiləri arasında deyil, həm də uzun fasilədən sonra Beyrut əhalisi arasında qəzəbə səbəb oldu. Təl-Əvivin, əsasən, cənubda və Bekaada şiddətlənən hücumları noyabr ayının sonlarına doğru Beyruta yayıldı və "Hizbullah" ın ikinci komandanı olan Təbatəbainin öldürülməsi İsrailin Livana qarşı təcavüzünü daha da dərinləşdirdi və yeni müharibə ssenarilərinin inkişafına səbəb oldu.

Politoloq Məhəmmdə Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsraillə Livan arasında müharibənin yenidən başlaması təbii ki, mümkündür. Xüsusilə burada Livan yox, “Hizbullah”la İsrail arasında müharibə istisna edilmir.

Çünki “Hizbullah” yenidən Litani çayı sahilində - Livanın cənubunda istehkamlar tikir və müdafiə istiqamətində öz imkanlarını genişləndirir. Həmçinin İrandan da “Hizbullah”a silah ixracı haqqında da müəyyən məlumatlar verilir.

Bundan başqa “Hizbullah”ın yeni baş katibi də təşkilatın silahı buraxmayacağını və İsrailə qarşı müqaviməti davam etdirəcəyini qeyd edir.

Yəni göründüyü kimi, “Hizbullah”la İsrail arasında atəşkəsin əldə olunmasına baxmayaraq, tərəflər arasında qarşıdurma davam edir.

İsrail, xüsusilə "Hizbullah" ın rəhbər şəxslərini aradan götürür. Əgər “Hizbullah” silahı yerə qoymasa, təbii ki, Amerika Birləşmiş Ştatlarınln birbaşa dəstəyi ilə İsrail “Hizbullah”a qarşı genişmiqyaslı müharibə apara bilər.

“Xüsusilə Livan hökuməti də məhz “Hizbullah”ın tərksilah olunmasında maraqlıdır.

Ümumiyyətlə həm İsrail, həm Amerika, Livanda “Hizbullah”ın hərbi və siyasi səhnədən getməsində maraqlıdır. Ona görə də “Hizbullah”a qarşı müharibə variantı masadadır və proseslər də bu istiqamətdə gedir”-deyə politoloq bildirib.

İradə Cəlil,

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
icma.az

1Mənbələr