AZ

Almaniya parlamentinin büdcə komitəsi Bundesver üçün yeni sistemlərin alınmasını təsdiqləyib

Berlin, 3 dekabr, AZƏRTAC

Bundestaqın büdcə komitəsi Silahlı Qüvvələrin yeni F-35 qırıcı təyyarələri üçün əlavə qanadlı raketlərin alınmasına dair müqaviləni təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, çoxməqsədli F-35A döyüş təyyarəsi nüvə iştirak missiyası çərçivəsində “Tornado” qırıcı-bombardmançısını əvəz edəcək. İlk təyyarələr pilotların uçuş hazırlığının aparılması üçün gələn ildən etibarən ABŞ-da təhvil veriləcək. F-35A isə 2027-ci ildən etibarən Büxel aviabazasında yerləşdiriləcək.

Silahlanmaya gələcəkdə qanadlı raketlər də daxil olacaq. Büdcə komitəsi Norveçlə əməkdaşlıq çərçivəsində “Joint Strike Missile” (JSM) raketlərinin tədarükünə razılıq vermişdi. İndi isə komitə bu tipli idarəolunan əlavə raketlərin alınmasını təsdiqləyib. Raketlərin sayının artırılması Bundesverin NATO-nun sursat ehtiyatı üzrə qabiliyyət hədəflərinə uyğunluğunu təmin edir.

Komitə müxtəlif kəşfiyyat sistemlərinin, o cümlədən süni intellekt əsaslı “Uranos KI” sisteminin yenilənməsi və ya tətbiqi üçün maliyyəni də təsdiqləyib. “Uranos KI” ilə NATO-nun şərq cinahında geniş ərazilərin süni intellektlə müşahidəsi üçün yeni sistem hazırlanır. “Uranos KI” sistemi əvvəlcə Litvadakı 45-ci zirehli briqadanın sərəncamına veriləcək.

Büdcə komitəsi “German Heron TP” pilotsuz uçuş aparatlarının aylıq uçuş saatlarının artırılmasını da təsdiqləyib ki, bu da kəşfiyyat və infrastrukturun monitorinqi imkanlarını genişləndirəcək. Yaxın məsafəli kəşfiyyat üçün isə Bundesver çoxsaylı “Aladin” dronlarının istehsalı və tədarükünə dair çərçivə sazişi imzalaya biləcək. Bundan başqa, NH-90 dəniz helikopterləri üçün yeni müşahidə radarı prosessorunun hazırlanmasına və “Eurofighter” təyyarələrinin radar test avadanlığının yenilənməsinə maliyyə ayrılıb.

Qərarlar Almaniyanın hava və dəniz sahəsinin müdafiəsində operativ hazırlığını və NATO öhdəliklərinə töhfəsini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
13
azertag.az

1Mənbələr