AZ

Sultan Rayev: Məqsədimiz Türk xalqlarının mədəni yaxınlaşmasına xidmət etməkdir

Ankara, 4 dekabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) son 30 ildə türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayıb. Bizim əsas missiyamız türk ölkələrinin elm, ədəbiyyat, mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir.

AZƏRTAC xəbər verir k, bu fikirləri TÜRKSOY-un baş katibi Sultan Rayev səsləndirib.

Onun sözlərinə görə, TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş apararaq həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib.

TÜRKSOY-un Azərbaycanla bağlı mədəni təşəbbüslərindən danışan Baş katib qeyd edib ki, son üç il ərzində Azərbaycanda bir çox əlamətdar tədbir keçirilib.

Bu mədəni tədbirlərin mühüm bir qolunu kitab təqdimatlarının təşkil etdiyini vurğulayan Baş katib bildirib ki, dekabrın 3-də Ankarada belə təqdimatlardan biri baş tutub.

“Ankarada ictimaiyyətə təqdim olunan, professor Elman Quliyevin müəllifi olduğu dərs vəsaiti bu istiqamətdə birgə işlərimizdəndir. TÜRKSOY bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atdığı kimi hesab edirəm, yeni-yeni layihələri reallaşdırmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır" - deyə Sultan Rayev qeyd edib.

Qeyd edək ki, Azərbaycanda geniş fəaliyyət diapazonu ilə nüfuz qazanmış Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında işıq üzü görən, Azərbaycan, Türkiyə, qazax, özbək, türkmən, qırğız, Krım və Volqa tatarlarının ədəbiyyatını özündə ehtiva edən "Türk xalqları ədəbiyyatı" kitabının təqdimatı ədəbi-elmi ictimaiyyətin rəğbətinə səbəb olub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
26
azertag.az

1Mənbələr