Tbilisi, 4 dekabr, AZƏRTAC
Cənubi Qafqazın ticarət dövriyyəsi 8,8 faiz azalıb. Bu ticarətdə Azərbaycanın payı isə artaraq 51,4 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Cənubi Qafqaz regionunun ticarət dövriyyəsi 76,467 milyard dollar təşkil edib.
"Gnomon Wise" tədqiqat təşkilatının məlumatına görə, 2024-cü ilin eyni dövründə bu göstərici 83,887 milyard dollar olub ki, bu da illik müqayisədə 8,8 faiz azalma deməkdir.
Bildirilir ki, Cənubi Qafqaz ölkələri – Azərbaycan, Ermənistan və Gürcüstan kiçik və açıq iqtisadiyyatlara malikdir və qlobal bazarlarla inteqrasiya olunublar.
2025-ci ilin yanvar-oktyabr aylarında regionun ticarət dövriyyəsində idxalın payı 43,467 milyard dollar, ixracın ümumi dəyəri isə təxminən 33 milyard dollar təşkil edib.
Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsində Azərbaycan lider mövqeyə malikdir və onun payı 51,4 faiz təşkil edir. Gürcüstanın payı 26,9 faiz, Ermənistanın payı isə 21,7 faiz səviyyəsindədir.
"Gnomon Wise"ın məlumatına görə, regionda xarici ticarət ölkələrin iqtisadi artımına mühüm töhfə verir və ticarət əlaqələrinin gücləndirilməsi regionun iqtisadi sabitliyi üçün əhəmiyyətlidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi