BAKI, 4 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin iki günlük dövlət səfəri çərçivəsində Hindistana gedib.
Teleqraf xəbər verir ki, Kreml bu səfərə xüsusi əhəmiyyət verdiklərini açıqlayıb.
Bildirilib ki, Rusiya nümayəndə heyəti hindistanlı həmkarları ilə siyasi, ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə əməkdaşlığı hərtərəfli müzakirə edəcək. Danışıqlarda, həmçinin aktual beynəlxalq və regional məsələlər gündəmdə olacaq.
Hindistanın baş naziri Narendra Modi Putini öz iqamətgahında qeyri-rəsmi, təkbətək formatda qəbul edəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, bu görüş səfərin ən vacib məqamlarından biridir.
Səfərin ikinci günü Prezident Sarayında rəsmi qarşılanma mərasimi ilə başlayacaq. Tədbirdə Narendra Modi ilə yanaşı, Hindistan prezidenti Draupadi Murmu da iştirak edəcək. Daha sonra dar və geniş tərkibdə Rusiya-Hindistan danışıqları keçiriləcək, Hindistan baş nazirinin adından rəsmi səhər yeməyi təşkil olunacaq, prezidentlə görüş və dövlət ziyafəti baş tutacaq.