AZ

Qara dənizdə Ukrayna-Rusiya müharibəsinə Türkiyə də qoşula bilər...


Ramil Hüseynov: “Bunun miqyasının genişlənəcəyi və Türkiyənin buna hərbi müdaxilə edəcəyi real görünmür”

Məlum olduğu kimi, Qara dənizdə Rusiyanın gəmiləri Ukraynanın hücumuna məruz qalır. Rusiya Federasiyasına məxsus və bitki yağı daşıyan "Midvolqa 2" tankerinə Qara dənizdə hücum edilib.

Ötən həftə Türkiyə sahilləri yaxınlığında Qambiya bayrağı altında üzən və Rusiyaya yollanan iki neft tankeri – "Kairos" və "Virat" – hücuma məruz qalıb. Üstəlik, "Virat" gəmisi iki dəfə zərbə alıb.

Hücumlara görə məsuliyyəti Ukraynanın Təhlükəsizlik Xidməti və ölkənin Hərbi Dəniz Qüvvələri öz üzərinə götürüb. Gəmilər uzaq məsafə qət edə bilən pilotsuz dəniz aparatları – "Sea Baby" ilə vurulub. Hücumda ən azı beş belə aparat iştirak edib.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdəki gəmilərə edilən hücumları qınayıb. Ərdoğan ölkənin eksklüziv iqtisadi zonasında dəniz təhlükəsizliyinin təhdid edilməsinin qəbuledilməz olduğunu bildirib. Türkiyə lideri “kölgə donanması”na aid Rusiya tankerlərinə hücumdan sonra bəyan edib ki, bütün Qara dənizin təhlükəsizliyi indi təhdid altındadır.

Maraqlıdır, Türkiyənin bəyanatı fonunda Qara dənizdə donanma müharibəsi ola bilərmi?

“Nə qədər ki atəşkəs əldə edilməyib, bu kimi təxribatların sayının azalacağı real görünmür”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, hələlik belə bir təhlükə gözlənilmir: “Çünki Ukrayna indiki çətin durumunda istəməz ki, Türkiyə ilə konfrontasiyaya getsin. Çox güman ki, bundan sonra Ukrayna kəşfiyyat qurumları Rusiya gəmilərini Türkiyə ərazi sularında deyil, neytral hissədə hədəf alacaq. Düzdür, baş verən bu cür hadisələr Türkiyəyə iqtisadi baxımdan zərər vurur. Ancaq bunun miqyasının genişlənəcəyi və Türkiyənin buna hərbi müdaxilə edəcəyi real görünmür. Ancaq hesab edirəm ki, Ukrayna müxtəlif istiqamətlərdə Rusiyaya qarşı diversiya fəaliyyətini genişləndirəcək. Çünki iki ölkə arasında müharibə getdikcə daha qanlı fazaya keçir. Nə qədər ki atəşkəs əldə edilməyib, bu kimi təxribatların sayının azalacağı real görünmür. Düzdür, belə hallar üçüncü tərəfin müdaxilə risqinə, gərginliyin artmasına rəvac verir. Ancaq situasiya Qara dənizdə hələ o həddə gəlib çatmayıb ki, bu, digər dövlətlərlə toqquşmaya səbəb olsun. Diqqəti çəkən məqam odur ki, hədəf alınan Rusiya mülki gəmilərində insan itkisi, böyük yanğınlar baş vermir. Halbuki, bunu etməyə Ukraynanın kifayət qədər imkanları var”.

Vidadi ORDAHALLI

Seçilən
19
baki-xeber.com

1Mənbələr