Bakı, 4 dekabr, Elmir Səftərov, AZƏRTAC
Ermənistanda insan haqlarının pozulması, diktatorluq metodlarının tətbiqi və Qərb–Avropa İttifaqının buna səssiz qalması yeni deyil. Bu problem, əslində, Levon Ter-Petrosyan dövründən - parlamentin səlahiyyətlərinin əlindən alınaraq prezidentliyə verilməsi mərhələsindən etibarən daha da dərinləşmişdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə jurnalisti Zəki Gümüş söyləyib.
O bildirib ki, Ermənistanın əhalisisinin azlığı, geniş miqyaslı miqrasiya, təbii sərvətlərin yoxluğu və iqtisadi çətinliklər idarəetmədə ciddi zəifliklərə gətirib çıxarıb. Bu da insan haqlarının tez-tez pozulması ilə müşayiət olunub. Tarixi kontekstə baxdıqda Ermənistanın qonşularına münasibətində də aqressiv davranışlar görmək mümkündür. "Azərbaycan və Türkiyə ilə münasibətlərə nəzər saldıqda, xüsusilə Qarabağın işğalı və regionun sabitliyini pozan siyasətlər bunun bariz nümunəsidir.
Eyni zamanda, ölkə daxilində də əhali geniş narazılıq içindədir. Siyasi repressiyalar, müxalifətin təsirsiz hala gətirilməsi, lider və fəalların həbs edilməsi, mediaya tətbiq olunan senzura və diktatorluq metodları son illərdə daha da artıb. Müxalif fəalların təqibi, həbslər, medianın susdurulması və cəmiyyət üzərində qurulan təzyiq rejimi artıq sistematik xarakter alıb.
Din azadlığı sahəsində də vəziyyət fərqli deyil. Dini qruplara qarşı tətbiq olunan məhdudiyyətlər və kilsənin sıxışdırılması göstərir ki, Ermənistanda repressiya yalnız bir sahədə deyil, bütün sahələrdə paralel olaraq həyata keçirilir. Əgər hakimiyyət bir yerdə təzyiq metodu tətbiq edirsə, bu yanaşma adətən bütün sektorlara yayılır",- deyə Z. Gümüş vurğulayıb.
Jurnalist əlavə edib ki, Ermənistanın ən ciddi problemlərindən biri iqtisadi gerilikdir: "İqtisadiyyatın zəifliyi, regionda rəqabət qabiliyyətinin aşağı olması və davamlı siyasi gərginlik ölkəni çıxılmaz vəziyyətə salıb. Ermənistanın rifaha çıxmasının əsas yolu isə qonşuları ilə normal münasibətlərin qurulmasından keçir. Azərbaycan və Türkiyə ilə davamlı gərginlik, sərt ritorika və qeyri-konstruktiv davranışlar Ermənistanı daha sərt təcrid vəziyyətinə salır.
Tarixə baxdıqda, Ermənistan rəhbərləri uzun illərdir qonşuları ilə sağlam münasibətlər qura bilməyiblər. Bu isə həm ticarətə, həm də iqtisadi inkişafa ciddi zərbə vurub. Əgər vəziyyət dəyişməzsə, həm daxili, həm də xarici problemlər davamlı şəkildə dərinləşəcək".
Qərbin susqunluğunda ikili standartlar açıq şəkildə görünür. Qərb yalnız öz maraqlarına uyğun ölkələrə dəstək göstərir, maraqlarına uyğun gəlmədikdə isə həmin ölkələrdəki pozuntulara göz yumurlar. Bu cür ikili standartları Türkiyə də uzun illərdir yaşayır. Artıq 50 ildir ki, Türkiyəni Avropa İttifaqına üzv etməmələri bunun göstəricisidir.
Ermənistan məsələsində də eyni yanaşma müşahidə olunur. Qərbin strateji maraqları uyğun gəlmədikdə həmin ölkədə baş verən insan haqları pozuntularına münasibəti, sadəcə, formal bəyanatlarla məhdudlaşır və real müdaxilə edilmir".