Sənəd prezidentin hərbi əməliyyatlara başlamaq səlahiyyətini Konqresin icazəsi olmadan məhdudlaşdırmağı nəzərdə tutur…
Poliqon xəbər verir ki, ABŞ Senatına prezident Donald Trampın Konqresin razılığı olmadan Venesuelada hərbi güc tətbiq etməsini qadağan edən yeni qətnamə təqdim olunub. Məlumat Virginidən seçilmiş demokrat senator Tim Keynin rəsmi saytında dərc edilib.
Qətnamənin müəllifləri arasında senator Keynlə yanaşı Kentukkidən respublikaçı Rand Pol, Senatın azlıq lideri və Nyu-Yorkdan demokrat Çak Şumer, həmçinin Kaliforniyadan demokrat Adam Şiff də yer alır. Sənədin 10 gün ərzində səsverməyə çıxarılması gözlənilir. Qətnamədə vurğulanır ki, ABŞ-da müharibə elan etmək səlahiyyəti yalnız Konqresə məxsusdur və icra hakimiyyəti bu səlahiyyəti birtərəfli şəkildə mənimsəyə bilməz.
Bu təşəbbüs Vaşinqtonun son günlərdə Venesuela rəhbərliyinə qarşı sərt addımlar atması fonunda gündəmə gəlib. 4 dekabrda prezident Tramp bildirib ki, ABŞ-ın Karakas administrasiyasına qarşı tədbirləri “adi təzyiq kampaniyasından kənara çıxır”. Bir neçə gün əvvəl isə o, Venesuela və ətraf ərazilər üzərində hava məkanını aviaşirkətlərə, narkotacirlərə və insan alveri ilə məşğul olanlara bağladığını elan etmişdi.
Bu bəyanatlar Karib hövzəsində ABŞ hərbi qüvvələrinin sayının artırılması ilə eyni vaxtda səslənib. Analitiklərə görə, bəzi dairələrdə Tramp administrasiyasının Venesuelaya qarşı güc tətbiqi ehtimalına dair narahatlıq var və Senatın təşəbbüsü məhz bu riskin qarşısını almağa yönəlib.
Qətnamənin qəbul edilməsi halında prezident hərbi əməliyyat başlatmaq üçün Konqresdən rəsmi sanksiya almağa məcbur olacaq ki, bu da administrasiyanın manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Poliqon.info