AZ

Bol meyvəli bağa giriş 5 manat, təbiətdən zövq alma limitsiz - Reportaj » AzadMedia.az


Şəkidə “BioGarden”də maraqlı gün yaşadım və etiraf edim ki, belə gözəl bağın varlığından ilk dəfədir Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediatur zamanı xəbər tutdum.

Şəkinin Öyrət kəndində, səs-küydən uzaq, yaşıllığın qucağında yerləşən “BioGarden” eko-aqro turizm məkanına səfərimiz səhər saatlarında başladı. Hələ girişdəcə bizi qeyri-adi bir təklif qarşılayır: cəmi 5 manat ödəyib bağa daxil olur, doyunca meyvə yeyir, üstəlik istəsəniz yığdıqlarınızı da simvolik qiymətlərlə özünüzlə aparırsınız.

Ətrafa yayılan xoş qoxudan, auradan hiss edirsiniz ki, buradakı meyvələr yalnız görünüşcə deyil, dadına görə də seçilir. Ekoloji təmizliyi ilə seçilən bağda italyan çiyələyi, saplaqsız gilaslar və digər mövsümi meyvələr turistlərin ən çox maraq göstərdiyi məhsullar sırasındadır. Əgər yolunuz meyvə mövsümünə təsadüf edərsə, bu bağın dadını həm dilinizdə, həm yaddaşınızda aparacaqsınız.

Meyvə ağaclarının arasından keçib təsərrüfatın digər hissəsinə doğru yönələndə bizi daha bir sürpriz gözlədi: burada yalnız meyvə deyil, növbənöv balıq və quş əti məhsulları da yetişdirilir. Bir çox turist məhz bu təbii məhsullarla hazırlanan milli yeməklərin dadına baxmaq üçün “BioGarden”i seçir.

Bu səfər Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin bölgənin daxili turizm imkanları ilə yaxından tanış olması üçün gerçəkləşdirilib. Məkan haqqında təqdimatda öyrəndik ki, təsərrüfat 8 hektarlıq ərazini əhatə edir və burada 3 mindən çox meyvə ağacı mövcuddur. Üstəlik, ərazidə arıçılıq təsərrüfatı da fəaliyyət göstərir.

Məkanın yaradıcılarının məqsədi kənd təsərrüfatını bizneslə və turizmlə birləşdirib, bölgədə aqrobio-müxtəlifliyi qorumaq və davamlı inkişaf etdirməkdir. 2010-cu ildən fəaliyyət göstərən “BioGarden” həm ekoloji təmiz məhsullar istehsal edir, həm də həmin məhsullardan hazırlanan milli yeməkləri turistlərə təqdim edir.

Gəzdikcə hiss edirsən ki, “BioGarden” yalnız bağ deyil, burası şəhərdən bezib sığınacaq axtaranlar üçün kiçik bir nəfəs yeri, kənd həyatını hiss etmək istəyənlər üçün təbii laboratoriya, fotosevərlər üçün isə bitib-tükənməyən kadr mənbəyidir.

Buradan ayrılarkən düşündüyüm tək şey bu oldu: təbii həyat üçün uzağa getməyə ehtiyac yoxdur, sadəcə Şəkinin Öyrət kəndinə yol almaq kifayətdir.
Biz payız gözəlliyinin şahidi olduğumuz bağın, may ayını təsəvvür etmək çətin deyil, amma təsəvvür azdır, gedib görmək ümidilə...

Elnurə Abuşova
Seçilən
143
1
azadmedia.az

2Mənbələr