AZ

Ermənistanda siyasi müxalifət “dövlət çevrilişi-terror” ittihamları altında - TƏHLİL

Bakı, 4 dekabr, Elmir Səftərov, AZƏRTAC

Son aylarda Ermənistan hakimiyyəti müxalifət partiyalarının üzvlərini, müstəqil deputatları, fəalları və hətta kilsəni əhatə edən geniş bir kütləni “terror”, “çevriliş planı” və ya “konstitusiya quruluşuna qarşı cinayət” ittihamları ilə həbs edib. Məsələn, 2025-ci ilin iyulunda icra orqanları bir sıra müxalif fiqurlarını saxlayıblar. Onların aralarında deputatlar və gənc fəallar də yer alır.

Bu əməliyyatlarla birgə məhkəmə müstəqilliyi faktiki olaraq aradan qaldırılmış kimi görünür. Telefonların müsadirəsi, deputat toxunulmazlığının pozulması kimi hallar qeydə alınıb.

Hökumət tərəfindən irəli sürülən çevriliş hazırlığı ittihamları müxalifət dairələri və beynəlxalq insan haqları müdafiəçiləri tərəfindən saxta və siyasi motivli sayılır. Müstəqil müşahidəçilər bu işlərin demokratik müxalifəti boğmaq üçün vasitəyə çevrildiyini bildirirlər.

Bu kontekstdə müxalifətin tamamilə təsirsizləşdirilməsi, seçilmiş və ya ictimai dəstəyə sahib siyasətçilərin belə, “rejim əleyhdarı” elan edilərək təqsirləndirilməsi Ermənistanda demokratik institutların ciddi şəkildə aşındığını göstərir. Bu, siyasi rəqabətin aradan qalxması, plüralizmin boğulması və cəmiyyətin qorxu və özünüsenzura mühitinə sürüklənməsi deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Ankara Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallının "Ermənistanda siyasi müxalifətə qarşı “dövlət çevrilişi-terror” ittihamları altında təzyiqlər" başlıqlı təhlilində yer alıb. Təhlili təqdim edirik:

Media azadlığı və ifadə hürriyyətinin geriləməsi

Azad media və müstəqil jurnalistika demokratik nəzarətin əsas sütunlarındandır. Lakin beynəlxalq və yerli hesabatlara görə Ermənistanda 2024–2025-ci illərdə media və ifadə azadlığı sahəsində ciddi pozuntular qeydə alınıb.

2025-ci ilin ilk yarısında mediaya və jurnalistlərə qarşı ən azı 29 məhkəmə işi açılıb. Fiziki zorakılıq, təhdid, qorxutma və məhkəmə təzyiqləri formasında 122 müxtəlif pozuntu faktı qeydə alınıb.

Bəzi rəsmilərin “media özünə nəzarət etməsə, ciddi hüquqi addımlar atılacaq” kimi açıqlamaları göstərir ki, təzyiq yalnız polis və məhkəmə yolu ilə deyil, həm də ictimai ritorika və qorxutma vasitəsilə həyata keçirilir.

Bu, təkcə fərdi jurnalistlərin deyil, həm də müstəqil xəbər mənbələrinin və tənqidi media orqanlarının “susdurulması” anlamına gəlir. Beləliklə, ictimaiyyətin məlumatlanması və dövlət siyasətinin demokratik şəkildə müzakirə edilməsi mümkünsüz olur. Bu isə demokratiyanın əsas elementlərindən olan məlumatlı vətəndaş hüququnun ciddi şəkildə zədələnməsi deməkdir.

Dini qurumlara və kilsəyə qarşı təzyiqlər

Tarixən xristian kimliyi ilə tanınan Ermənistanda dini qurumların siyasətdə rolu həmişə əhəmiyyətli olub. Lakin hazırda hökumət ilə Erməni Apostol Kilsəsi (EAK) arasındakı qarşıdurma təkcə ictimai qütbləşmə deyil, həm də avtoritar transformasiyanın göstəricisinə çevrilib.

2025-ci ilin ortalarında EAK-ın bir çox yüksək rütbəli ruhani rəhbəri “çevriliş”, “terror planlama”, “konstitusiyaya zidd fəaliyyət” ittihamları ilə həbs edilib. Saxlanmalardan sonra kilsə və insan haqları müdafiəçiləri həbslərin hüquqazidd üsullarla aparıldığını, vəkillərə çıxış imkanı verilmədiyini, ailələrin məlumatlandırılmadığını, sübutların zəif və ziddiyyətli olduğunu bildiriblər.

Təzyiqlər yalnız fərdi din xadimləri ilə məhdudlaşmayıb, kilsə institut olaraq hədəfə alınıb, onun nüfuzu zəiflədilib, dini icmalar üzərində polis nəzarətli, qorxutmaya əsaslanan rejim qurulub. Bu isə dini azadlıqların pozulması, kilsə-dövlət münasibətlərinin siyasi alətə çevrilməsi və ictimai müxalifətin dini platforma üzərindən sıxışdırılması kimi ciddi problemləri gündəmə gətirir.

Avropa İttifaqı və beynəlxalq ictimaiyyətin susqunluğu: təhlükəli legitimləşdirmə

Bu qədər genişmiqyaslı təzyiq və avtoritarlaşma qarşısında beynəlxalq ictimaiyyətin susqun qalması təhlükəli presedent yaradır. Bu susqunluq həm Ermənistandakı demokratik zəifliyi dərinləşdirir, həm də başqa ölkələr üçün “etirazsız avtoritarlaşma” nümunəsi yaradır.

2025-ci ilin payızında ABŞ-da bəzi hüquq müdafiəçiləri Konqresdə Ermənistan hökumətinin kilsəyə qarşı həbslərini və seçkiqabağı təzyiqlərini gündəmə gətirsələr də, çağırışlar real siyasi təzyiqə çevrilməyib.

Avropa dəyərlərinə inteqrasiya iddiasında olan bir ölkə üçün bu pozuntulara qarşı səssizlik demokratiya və insan hüquqları anlayışının mənasını boşaltmış olur və beynəlxalq mexanizmlərin təsirini zəiflədir.

Yeni diktatura xətti riski varmı?

Siyasət elminə görə Ermənistanda baş verənlər – müxalifətin, medianın, vətəndaş cəmiyyətinin və dini qurumların cəza mexanizmləri ilə idarə olunması, seçki ərəfəsində bütün alternativ səslərin cinayət kimi təqdim edilməsi, ifadə və dini azadlıqların faktiki ləğvi təkcə ayrı-ayrı qanunsuzluqlar deyil, sistematik güc yenidənqurmasıdır.

Bu yenidənqurma hakimiyyətin legitimliyini cəmiyyətin dəstəyinə deyil, qorxu və cəza mexanizmlərinə bağlayır. Buna görə də, Ermənistanda “yeni diktatura xətti”nin qurulduğu iddia edilə bilər.

Bu kontekstdə demokratik müxalifətin, vətəndaş cəmiyyətinin və beynəlxalq aktorların, xüsusilə Avropa İttifaqının, insan hüquqları təşkilatlarının və dini azadlıq müdafiəçilərinin daha güclü reaksiya göstərməsi həm etik, həm də siyasi baxımdan zəruri görünür.

Seçilən
78
azertag.az

1Mənbələr