Yeni müdafiə paktı Arktikada təhlükəsizliyi gücləndirməyi və kritik sualtı infrastrukturu qorumağı hədəfləyir…
Böyük Britaniya və Norveç Arktika regionunda Rusiyanın fəallığına cavab olaraq birgə hərbi-dəniz qüvvəsi yaratmaq barədə müdafiə sazişi üzərində işləyir.
Poliqon xəbər verir ki, bu barədə məlumatı The Independent nəşri yayıb.
Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, son illərdə Böyük Britaniya sularına yaxın bölgələrdə rus gəmilərinin fəallığı təxminən 30% artıb. Yeni paktın məqsədi sualtı internet kabelləri və enerji boru kəmərləri kimi strateji infrastrukturu qorumaqdır. Bu xəttlərə mümkün hücum Avropa enerji təhlükəsizliyinə və qlobal kommunikasiya şəbəkələrinə ciddi zərbə vura bilər.
Britaniyanın baş naziri Kir Starmer açıqlamasında sazişin əhəmiyyətini belə ifadə edib: “Qlobal qeyri-sabitliyin bu dərin dövründə və sularımızda rus gəmilərinin sayının artdığı bir vaxtda milli təhlükəsizliyimizi qorumaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməliyik. Norveçlə bu tarixi razılaşma sərhədlərimizi və ölkələrimizin asılı olduğu kritik infrastrukturu qorumaq imkanlarımızı gücləndirir”.
The Independent-in yazdığına görə, bu təşəbbüs Britaniyanın NATO daxilində Arktika istiqamətində strateji rolunu daha da artırır. Qəzet Politico-ya istinadən bildirir ki, London artıq 2014-cü ildən bəri Şimal flangında Rusiyadan qaynaqlanan mümkün təhlükələrə hazırlaşmaq üçün Avropanın “həmfikirləri qrupuna” başçılıq edir. Həmin qrupa ümumilikdə 10 ölkə daxildir, lakin Politico onların adlarını açıqlamır.
Ekspertlərin fikrincə, Britaniya–Norveç birgə dəniz qüvvəsi Arktikada nəzarətin gücləndirilməsi, sualtı infrastruktura qarşı kəşfiyyat və təhlükəsizlik tədbirlərinin artırılması, həmçinin NATO-nun şimal qanadında koordinasiyanın genişləndirilməsi baxımından ciddi strateji addımdır.
Poliqon.info