Bəxtiyar Vahabzadə - 100
Xalq şairi və dramaturq Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq Şəki Dövlət Dram Teatrı şairin “Dar ağacı” pyesinə yeni səhnə həyatı bəxş edib. Tamaşa dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olundu.
“Dar ağacı”nda baş verən əsas konflikt iki şəxs arasında davam etdirilir. Bir xətt üzrə hadisələrin cərəyanı zahirən Azərbaycanla xilafətin, yadellilərin mübarizəsində öz əksini tapır. İslamın yaşıl bayrağı altında çıxış edən Akşini doğma vətənin taleyi düşündürmür, onu yalnız ərəb xilafətinin göstərişləri, verdiyi əmrlər maraqlandırır. Ərəb xilafətinə qarşı döyüşən Sabutay isə əmisi Aqşinin əksidir. Onun Azərbaycanın azadlığı uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə bütün əsər boyu davam edir. Hadisələr yalnız iki nəfərə aid deyil, iki ideya, məfkurə arasında gedən mübarizədir.
Pyesin gedişatında Sabutayın güclü müqaviməti ilə üzləşirik. O, Akşinin iradəsini sındırır. Aktyor Rəşid Mirizadə öz rolunu ifa edərkən səhnəyə hakim olmağı bacarır və tamaşaçının rəğbətini qazanır.
Əsərdə yadelli işğalçının, qəsbkarın bir “sağ ol”una görə vətəninə xor baxan Akşinin taleyi faciə ilə qurtarır. O, öz aldanışını hiss edir və onun daxili iztirabları, qəzəbi, hikkəsi aktyor Xəyal Salahov tərəfindən ustalıqla canlandırılır. Bu obraz əsərin əsas ideyasına xidmət edir və hadisələr də məhz Akşinin üzərində qurulur.
Vaxtilə akademik Yaşar Qarayev tamaşadakı Akşin obrazı haqqında yazırdı: “Akşinin müsibəti adi aldanışın, yaxud nəfisin insanı (sərkərdəni, hökmdarı) qəflətən düçar etdiyi şəxsi müsibət deyildir. Akşinin müsibətinin ictimai kökü sosial əsəbi xalqın taleyindən gəlib keçir, Vətənin, torpağın taleyində əks olunur. Yurdun təkcə torpağı, sərvəti yox, namusu da talanır: Karvan-karvan el malı, dəstə-dəstə qız-gəlin Bağdada xilafət səltənətinə ruhani ataya kəniz göndərilir”.
Şərtiliklə tarixilik arasında qarşılıqlı münasibətlərin şairin “Fəryad” mənzum dramında büllurlaşan məzmunu və nisbəti öz ifadəsini hələ “Dar ağacı”nda tapır.
Müəllifi tarixi mövzuya gətirib çıxaran bədii niyyətin orijinallığı və təzə-tərliyi də ilk dəfə burada özünü göstərmişdi. Belə ki, bu pyesdə Babək xatırlanır, talelərə və əməllərə onun ruhu və qəhqəhələri ilə yekun vurulur, lakin süjetin əyani gedişi prosesində onun özü yox, teyfi iştirak edirdi.
Şairin tarixi faciə janrında qələmə aldığı “Dar ağacı” pyesi məzmunca çox maraqlı və ibrətamizdir. Xalq qəhrəmanı yadelli işğalçılara qarşı 20 illik mübarizə aparan Babəkin edam edilməsindən sonra Azərbaycanda cərəyan edən azadlıq mübarizəsi əsərin ana xəttini təşkil edir. Bu pyesin vaxtilə səhnəyə qoyulması məsələsi mübahisələrə səbəb olsa da, əsər B.Vahabzadənin tarixi mövzuda yazdığı pyeslər sırasında əlahiddəliyi ilə diqqəti cəlb edir.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli əsərə fərqli quruluş verib və əsas odur ki, tamaşaçı nəfəsini içinə çəkib sona qədər hadisələri izləyir, həyəcanlanır, duyğulanır, hisslər burulğanına düşür. Milli genetikanın səltənətə qurban verilməsi faciə ilə sonuclanır. Bu müdhiş həqiqətin ekzistensial kodunu açmaq üçün səhnədə dar ağacları qurulub. Amma yaxşı olardı ki, bir neçə deyil, yalnız bir dar ağacı qurulardı və o da tamaşa boyu səhnədə görünməzdi, tamaşaçı onu yalnız finalda görsəydi, təsir gücü daha da artardı. Hər halda, quruluşçu rəssam Nicat Məmmədovun bu barədə düşünməsini istərdim. Sonda taxt-tacın dar ağacına çevrilməsi uğurlu tapıntıdır. Tamaşanın emosional, eyni zamanda, gərgin qayəsi quruluşçu rəssamın zövqlü səhnə tərtibatı ilə bir-birini tamamlayır. Fikir və duyğu balansı taxt ilə dar ağacı arasında qütbləşmə yaradıb ki, bu, estetik baxımdan da son dərəcə effektiv təsir doğurur.
Akşinin dəhşətli sirrinin faş olması, qızı Çılğınla aralarındakı dialoq onu göstərir ki, bu taxt-tac hərisliyi övlad məhəbbətini valinin qəlbindən büsbütün çıxarıb atıb. Yalnız sonda, Çılğın intihar edəndən sonra Akşinin atalıq duyğuları oyanır ki, onda da artıq vali seytnot vəziyyətində idi, çox gec idi. Gənc aktrisa Gülxar İmamhüseynova bu zavallı qızcığazın acı fəryadlarını, faciəvi taleyini tamaşaçıya çatdırmağa cəhd edir və müəyyən qədər buna nail olur. Amma bu obraz daha dərin ştrixlərlə ətə-qana dolmuş olsaydı, hiss və emosiyalar daha qabarıq şəkildə təqdim edilsəydi, daha yaxşı olardı.
Fərahim Fətəliyevin canlandırdığı İbn Tahir mənə son dərəcə təbii təsir bağışladı və aktyor demək olar ki, öz rolunu peşəkarcasına canlandırır. Aktrisa Lalə Məmmədin Anası da canlı boyalarla işlənib, tamaşaçının yaddaşına hopur.
Tamaşanın bəstəkarı Aqşin Əlizadədir, proqramda mahnıların bəstəkarının adı ayrıca yazılıb. Hansı mahnılardan söhbət gedir, onu anlamadım. Tamaşanın sonunda kiçik bir muğam hissəsi səsləndirilir ki, bu da sonluq üçün uğurlu seçimdir.
Əməkdar artistlər Əbülfət Salahov (İbn Zeyd), Xanlar Həşimzadə (Ağsaqqal) yaratdıqları obrazların mənəvi-psixoloji durumunu tapa bilirlər. Bu da səhnədə atmosfer yaradan faktora çevrilir.
Ümumən, “Dar ağacı” tamaşası Şəki Dövlət Dram Teatrının ən uğurlu tamaşalarından biri kimi yadda qaldı. Bu uğurda rejissor Mirbala Səlimli başda olmaqla bütün yaradıcı heyətin payı var.
Kənan HACI,
yazıçı-dramaturq