AZ

Ermənistanda totalitar rejimin klassik davranış modeli mövcuddur - ŞƏRH

BAKI, 4 dekabar. TELEQRAF

Ermənistanda son aylarda müşahidə olunan siyasi proseslər hakimiyyətin seçkiqabağı təşəbbüsü öz əlində cəmləşdirmək cəhdinin tərkib hissəsidir. Bilindiyi kimi, hazırda Cənubi Qafqazda geosiyasi və geoiqtisadi çağırışlara adekvat reaksiya verə bilməyən və xarici qüvvələrin təsirlərinə ən çox məruz qalan dövlət məhz Ermənistandır.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan administrasiyası müxtəlif vasitələrlə öz rəqiblərini sıradan çıxarmağa çalışır: “Bu kontekstdə həyata keçirilən həbslər və siyasi, hüquqi təzyiq mexanizmləri təqdim olunan görüntülərlə üst-üstə düşmür. Baş nazir özünü demokrat və liberal dəyərlərin təmsilçisi kimi təqdim etsə də, tətbiq edilən təzyiq mexanizmləri totalitar rejimlərin klassik davranış modelini xatırladır. Ermənistanda söz azadlığının təmin olunması faktiki olaraq çox aşağı səviyyədədir. Bu, XXI əsrdə qəbuledilməz və geriyə dönüşü olmayan bir siyasi geriləmədir”.

Deputat hesab edir ki, bu qədər ciddi hüquq pozuntularının fonunda özünü demokratiyanın qlobal müdafiəçisi kimi təqdim edən Qərbin və Avropa İttifaqının nümayiş etdirdiyi susqunluq isə ikili standartların daha bir bariz nümunəsidir: “Azərbaycanla bağlı əsassız iddialar uyduran həmin dairələr Ermənistandakı diktatura meyllərini görməzdən gəlir, siyasi həqiqətləri maraq dairələrinə uyğun olaraq seçici yanaşma ilə şərh edirlər. Demokratiya dəyərləri regionda sərhədlərə görə dəyişirsə, bu, həmin dəyərlərin mahiyyətinə ən böyük zərbədir. Mahiyyət etibarilə, bu tip özünü inkar siyasəti ilk növbədə Avropa təsisatlarının fəaliyyətini şübhə altına alır. Lakin biz bu ənənəvi narrativlərin, qərəzli yanaşmaların dəfələrlə şahidi olmuşuq və bu situasiya artıq təəccüb doğurmur”.

Günay Ağamalı vurğulayıb ki, bütün ikili standartlara rəğmən Azərbaycan hər zaman olduğu kimi, sabitlik, inkişaf və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında fəaliyyət göstərir: “Azərbaycan yeni reallıqlar və regionda dönüş nöqtəsi yaradacaq perspektivlərə fokuslanıb və Ermənistan daxilində baş verən proseslər isə onların daxili işidir. Rəsmi Bakı hazırda 8 avqustda Vaşinqtonda keçirilən görüşün, əldə olunan razılaşmaların tez bir zamanda həll edilməsinə və yeni geoiqtisadi çağırışların reallaşmasına çalışır”.

Seçilən
62
teleqraf.com

1Mənbələr