Naxçıvan, 4 dekabr, AZƏRTAC
Bu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasında 4 min 735 fermerə süni mayalanma yolu ilə əldə olunan buzovlara görə, ümumilikdə, 610 min 700 manat məbləğində subsidiya verilib. Hazırda subsidiya ödənişləri davam edir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Hüseyn Məmmədov deyib.
O bildirib ki, heyvandarlıqda məhsuldarlığın artırılması və genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri genişləndirilib. Hesabat dövründə 10 min 220 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb və nəticədə 6 min 716 baş buzov əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artım deməkdir.
Hüseyn Məmmədovun sözlərinə görə, heyvandarlıq məhsullarının istehsalının artırılması istiqamətində tədbirlər davam etdirilir. Nazirlik tərəfindən damazlıq təsərrüfatlarının yaradılması və heyvanların lizinq yolu ilə fermerlərə verilməsi istiqamətində iş aparılır. Bundan başqa, Süni Mayalanma Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni törədici buğaların alınması üçün kotirovka sorğusu da elan edilib.
"2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 328 milyon manatı ötüb. Bunun 138 milyon manatdan artıq hissəsi heyvandarlıq məhsullarının payına düşür"- deyə nazirlik rəsmisi əlavə edib.