Fransa prezidenti Emmanuel Makron Çin tərəfini Avropa iqtisadiyyatına birbaşa investisiyaların artırılması üçün yeni sənaye sahələrinin və iş yerlərinin yaradılmasına imkan verəcək şərait formalaşdırmağa çağırıb.
Editor.az Makronun bu fikirlərini xarici mediaya istinadən yazıb.
Fransa lideri Avropa İttifaqını (Aİ) rəqabət qabiliyyətini yüksəltmək və daha çox investisiya cəlb etmək məqsədilə islahatlar aparmağa çağırıb.
Çin prezidenti Si Cinpin ilə görüşündən sonra Makron bildirib: “Çin daxili tələbi gücləndirməyə yönəlmiş gündəmi izləyir və biz elə bir çərçivə formalaşdırmalıyıq ki, bu, Çinin Avropaya birbaşa investisiyalarını artırmaqla əlavə dəyər və yeni iş yerləri yaratsın”.
Mətbuat konfransında o, elektrik batareyaları bazarını nümunə göstərərək yüksək texnologiyalı sənaye sahələrində bu yanaşmanın effektiv olduğunu vurğulayıb. Makron həmçinin qeyd edib ki, Avropada potensial maliyyə böhranı riskinin qarşısını almaq üçün qlobal iqtisadi balanssızlıqların aradan qaldırılması vacibdir.
//Gülnarə Abasova, Editor.az