Bakı, 4 dekabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) yeni regional güc mərkəzidir. Bu təşkilatın formalaşmasında isə Azərbaycanın xüsusi rolu və çəkisi var. Lakin bu siyasi konfiqurasiyanın yalnız siyasi səviyyədə deyil, eyni zamanda infrastruktur baxımından da ciddi dəstəyə ehtiyacı var. Bu dəstəyi, sözsüz ki, ölkələrin vətəndaş cəmiyyəti institutları verə bilər. Azərbaycan qeyri-hökumət təşkilatları da TDT çərçivəsində lokomotiv rolunu oynayır. Onlar müxtəlif modellərdə və konfiqurasiyalarda əməkdaşlığın qurulmasında, münasibətlərin möhkəmləndirilməsində mühüm rola malikdirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin prezidenti İlqar Hüseynli deyib.
Onun sözlərinə görə, bundan öncə ölkələrarası səviyyədə yaradılan və fəaliyyət göstərən QHT forumları hazırkı institusional quruluşlu, təşkilat miqyaslı forumun əsasını təşkil edib: “Bundan öncə Özbəkistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının ayrıca forumu yaradılıb. Forum çərçivəsində hər iki ölkədə böyük tədbirlər keçirilib. Özbəkistandan gələn təşkilatlar işğaldan azad edilmiş ərazilərimizlə tanış olaraq erməni vandalizminin törətdiyi dağıntıları yerində görüb iştirak ediblər. Bu uğurlu modelin ardınca Qazaxıstan qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq genişləndirilib və münasibətlər möhkəmləndirilib. Bundan başqa, Bakı və Naxçıvanda keçirilən tədbirlərdə Qazaxıstan-Azərbaycan qeyri-hökumət təşkilatlarının birgə təsis forumunun yaradılması ilə bağlı qərar qəbul olundu. Beləliklə, Türk Dövlətləri Təşkilatının qeyri-hökumət təşkilatları institusional bir sistem kimi fəaliyyət göstərməyə başlayıb və yaxın gələcəkdə bu sistem tam formalaşacaq”, - deyə QHT rəhbəri bildirib.
İ.Hüseynli vurğulayıb ki, Azərbaycan QHT-lərinin fəaliyyəti həm təşkilatın işini gücləndirir, həm də Azərbaycanın geosiyasi imkanlarını artırır.
“Nəticə olaraq, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin qeyri-hökumət təşkilatlarının birləşməsi və yeni beynəlxalq platformanın yaradılması strateji əhəmiyyət kəsb edir. Bu təşəbbüs yalnız əməkdaşlığı gücləndirmir, həm də Azərbaycanın regional və beynəlxalq mövqeyini möhkəmləndirir. Vətəndaş cəmiyyətinin bu prosesdəki fəal rolu danılmazdır və gələcəkdə də bu sahədə fəaliyyətin genişlənməsi vacibdir”, - deyə o əlavə edib.