AZ

“Könüllülük təkcə fəaliyyət deyil, həyat fəlsəfəsidir” - Həmid Nəsibov

“Könüllülüyü adi iş fəaliyyəti ilə müqayisə etsək, bəlkə də işlərin daha çətin olduğunu düşünərik. Amma könüllülük də ən az onun qədər maraqlı, faydalı və dəyərli bir yoludur. Bu fəaliyyət insanlara yardım etməyi, yeni dostluqlar qurmağı, hörmət və mərhəmət kimi ali dəyərləri aşılayır”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov “Konstitusiya və Suverenlik İli”nə həsr olunan VIII Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, könüllülük sadəcə vəzifə deyil, insanların sevincinə şərik olmaq, çətin günlərində yanında durmaq, heç bir qarşılıq gözləmədən yaxşılıq etməyi bacarmaqdır: “Könüllülük Allaha görə edilən xeyirxahlıqdır. Bu uca dəyərləri daşıyan hər bir könüllünü böyük hörmətlə alqışlayıram. Cənab Prezident də çıxışlarında könüllülük hərəkatına daim yüksək qiymət verib və qeyd edib ki, Azərbaycan könüllüləri cəmiyyətimizdə səmimiliyin, dürüstlüyün və təmizliyin nümunəsini yaradır”.

H.Nəsibov vurğulayıb ki, bu gün Azərbaycanda qayğıkeş könüllülərin güclü nüvəsi formalaşıb, onlar dövlət qurumları və ictimai təşkilatlarla birlikdə səmərəli fəaliyyət göstərirlər: “Könüllü təşkilatları müxtəlif sosial layihələrdə fəal iştirak edir, gənclərimiz qayğıkeş qurumlarla birlikdə vətəndaşlara xidmət göstərir. Biz hamımız eyni amal uğrunda çalışırıq — bu amal Vətəndir. Vətən uğrunda çalışan insan yorulmaz, tükənməz”.

Sonda sektor müdiri bütün könüllülərə uğurlar arzulayıb və onların fəaliyyətinin daim dəstəkləndiyini qeyd edib: “Harada və hansı sahədə çalışmanızdan asılı olmayaraq, biz hər zaman birlikdəyik və gənclərin bu fədakar yolunu yüksək qiymətləndiririk”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
21
1
sia.az

10Mənbələr