AZ

Son illər ölkəmizdə könüllülərin fəaliyyəti dövlət sektorunda xüsusi əhəmiyyət kəsb edir - Nazir müavini

BAKI, TurkicWorld

Könüllülük sosial bir təşəbbüs deyil, bu – vətəndaş həmrəyliyinin, dövlətə bağlılığın ən gözəl təcəssümüdür.

TurkicWorld xəbər verir ki, bunu bu gün ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Konstitusiya və Suverenlik İli"nə həsr edilən 7-ci "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Nazir müavini xatırladıb ki, hər il Azərbaycanda Könüllülər Günü geniş miqyasda qeyd olunur. Bu, Azərbaycan gəncliyinə göstərilən diqqətin, dövlətimizin gənclər siyasətinə verdiyi yüksək dəyərin daha bir bariz təcəssümüdür:

"Bu forumun "həmrəyliyin simvolu" kimi adlandırılması təsadüfi deyil, həmrəylik hər birimizin daxilində daşıdığı məsuliyyət hissidir. Könüllülər isə bu məsuliyyətin ən fəal, ən fədakar daşıyıcılarından hesab olunur".

T. Hüseynov vurğulayıb ki, Konstitusiyamız vətəndaşların cəmiyyətə töhfə vermək, sosial ədaləti və həmrəyliyi möhkəmləndirmək kimi əsas prinsiplərini vurğulayır:

"Son illər ölkəmizdə könüllülərin fəaliyyəti dövlət sektorunda xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Dövlət qurumlarında, o cümlədən Ədliyyə Nazirliyində könüllülük fəaliyyəti geniş miqyasda tətbiq olunur. Konstitusiya və qanunvericiliyin tələbləri çərçivəsində Ədliyyə Könüllülər Hərəkatı gənclərimizin bilik və bacarıqlarının artırılmasına, dövlət qurumlarının fəaliyyətində onların fəal iştirakına mühüm töhfə verir.

Gənclərlə sıx və kompakt işin qurulması, Nazirliyin fəaliyyətinin ictimai əsaslarda dəstəklənməsi, strateji insan kapitalının formalaşdırılması, könüllülük hərəkatının real bacarıqlarla zənginləşdirilməsi çox vacibdir.

Könüllülərimizə yeni bacarıqlar qazandırmaq, onların inkişafına dəstək vermək, ayrılan qısa müddət ərzində maksimum səmərəliliyi təmin etmək bizim əsas hədəflərimizdən biridir.

Ədliyyə Nazirliyi olaraq gənclərin bizimlə birlikdə müxtəlif strateji fəaliyyətlərdə iştirak etməsi, Nazirliyin aparıcı qurumlarında və regional idarələrində təcrübə keçməsi bizim üçün böyük qürurdur".

Seçilən
5
1
turkic.world

2Mənbələr