Bakı, 4 dekabr, AZƏRTAC
“Aznur” minifutbol komandası qışda heyətində bəzi dəyişikliklər edəcək.
Bu barədə AZƏRTAC-a komandanın baş məşqçisi Rəcəb Fərəczadə məlumat verib.
O, bəzi oyunçularla maraqlandıqlarını bildirib: “Qışda komandanı kiminsə tərk edəcəyi gündəmdə deyil. Lakin bəzi yerli və xarici futbolçularla maraqlanırıq. İndidən ad çəkmək düzgün olmaz. Hələlik rəsmi anlaşma yoxdur”.
“Aznur” hazırda ölkə çempionatında 6 turdan sonra 15 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 19 xalla “Zirə” başçılıq edir.