Qış mövsümünün başlanması ilə avtomobil sahibləri üçün texniki hazırlıq məsələsi aktuallaşır.
Soyuq hava, buzlu və ya qarla örtülmüş yollar sürücülər üçün ciddi risk yaradır. Hər il dekabr ayından başlayaraq yol-nəqliyyat hadisələrinin sayı artır, bu isə sübut edir ki, qışa hazırlıq yalnız təkərlərin dəyişdirilməsi ilə kifayətlənməməlidir. Yüklü avtomobillərdən tutmuş kiçik minik avtomobillərinə qədər bütün vasitələr üçün təkərlərin vəziyyəti, əyləc sistemi, sükan mexanizmi, işıqlandırma, antifriz və digər vacib avadanlıqların yoxlanması həyati əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, qış şəraitinə lazımi hazırlıq görülmədikdə sürücülərin idarəetmə qabiliyyəti azalır, qəza riskləri isə xeyli artır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Elçin Məmmədov bildirir ki, qış mövsümü üçün ən kritik hazırlıq təkərlərin vəziyyətindən başlayır:
“Təkərlərin diş dərinliyi minimum 4 mm olmalıdır və hava təzyiqi istehsalçı tərəfindən tövsiyə edilən səviyyədə saxlanılmalıdır. Qış təkərləri yumşaq kauçukdan hazırlandığı üçün soyuq havada yol tutuşunu artırır və buzlu, qarla örtülmüş yollarda qəza riskini azaldır. Təkərlərin balanslaşdırılması və dönmə testləri mütləq aparılsın, çat və deformasiyalara diqqət yetirilsin”.
Elçin Məmmədov bildirir ki, qış hazırlığı zamanı digər texniki sistemlər də diqqətdən kənarda qalmamalıdır:
“Əyləc sistemi, işıqlandırma, qızdırıcı və şüşə qızdırıcıları, antifriz və yuyucu maye kimi avadanlıqların vəziyyəti yoxlanmalı, hər hansı problem aşkar edilərsə, dərhal aradan qaldırılmalıdır. Yalnız bütün bu tədbirlər həyata keçirildikdə qışda yolda təhlükəsiz sürüş təmin edilə bilər”.
Saytımıza danışan avtomobil ustası Rəşad Əliyev isə qeyd edib ki, təkərlərin qışa hazırlanması yalnız onların dəyişdirilməsindən ibarət deyil:
“Təkərlərin balanslaşdırılması, disklərin yoxlanması və təkər yataqlarının sazlanması vacibdir.
Bu addımlar yalnız avtomobilin idarəetmə stabilliyini artırmır, həm də əyləc və sükan sistemlərinin düzgün işləməsinə yardım edir.
Qış mövsümündə sürücülər yüklərin paylanmasına, sərnişinlərin oturuluşuna və avtomobilin balansına diqqət etməlidirlər, çünki qar və buz üzərində ani sürət dəyişiklikləri qəza riskini artırır.
Bir daha qeyd edirəm ki, bütün texniki sistemlər yoxlanmalı, təkərlər balanslaşdırılmalı, əyləc və sükan mexanizmi saz vəziyyətə gətirilməlidir”.