AZ

Həmid Nəsibov: “Qayıdış Könüllüləri" azad edilmiş ərazilərdə tədbirlərin təşkilində səmərəli fəaliyyət göstərirlər

Bakı, 4 dekabr, AZƏRTAC

Könüllülük yolu digərlərinin çətinliklərini anlamaq, bölüşmək, eyni zamanda, sevincinə, uğuruna şərik olmaq, təəssübkeşlik deməkdir. Bu yol insanlara yardım etmək və əvəzində hər hansı bir təmənna güdməməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Ölkə başçısının könüllülərin fəaliyyətinə yüksək dəyər verdiyini bildirən H.Nəsibovun sözlərinə görə, könüllülər ölkəmizdə keçirilən bir çox tədbirlərin təşkilində fəaldırlar. Onların təcrübəsi ölkə hüdudları ilə məhdudlaşmır. 2023-cü ildə qardaş ölkə Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin çağırışına uyğun olaraq könüllülər zəlzələ bölgəsində də fəaliyyət göstərdilər.

Azərbaycanda könüllülük uzun əsrlərə dayanan, xalqımızın genində, təfəkküründə olan haldır. Əsrlər boyu insanlar istər yaşadıqları kiçik icma çərçivəsində, istərsə də ölkəmiz üçün təmənnasız işlər görüblər. Bu, əsrlər boyu adət-ənənəyə çevrilib. Müstəqillik dövründə isə bu, daha çox nizamlı, sistemli hal alıb. 2019-cu ildə Prezident İlham Əliyev ölkə gəncləri ilə görüşündə bütün qurumlar qarşısında bir tövsiyə səsləndirmişdi. Bu, dövlət qurumlarının könüllü qruplarını formalaşdırması, könüllülük fəaliyyətinə geniş yer verməsi ilə bağlı idi. Həmin çağırışa cavab olaraq bu gün əksər qurumlarda belə qruplar fəaliyyət göstərir. 2020-ci ildə dünyanı cənginə alan, ölkəmizdən də yan keçməyən COVID pandemiyası zamanı Prezident İlham Əliyevin çağırışı ilə həmin təşkilat və qruplar məhz Azərbaycan Könüllü Təşkilatları İttifaqında birləşdilər. İttifaqın yaradılmasından qısa müddət sonra başlayan Vətən müharibəsi zamanı könüllülər yenidən istər arxa cəbhədə, istərsə də müharibədən əziyyət çəkmiş və zərər görmüş insanlara yardım edilməsində ön sırada idilər. Onlar ümumi Qələbəmizin yaxınlaşmasına öz töhfələrini verdilər. Bu gün artıq dövlət qarşısında yeni bir mərhələ var və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Burada da gənclər, könüllülər öz sözlərini deyirlər. Artıq "Qayıdış Könüllüləri" qrupu formalaşıb və müxtəlif tədbirlərin təşkilində səmərəli fəaliyyət göstərirlər. Bu fəaliyyətlər təkcə ölkəmizdə "Qayıdış Könüllüləri" ilə məhdudlaşmamalıdır. Bütün könüllü təşkilatları, qrupları həmin fəaliyyətlərdə yaxından iştirak etməlidirlər".

Seçilən
20
azertag.az

1Mənbələr