AZ

"Sülhə əngəl olmaq cəhdləri nəticəsiz qalacaq" - Rəşad Bayramov

Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqazda ciddi proseslər yaşanır. Sülh gündəliyi, Zəngəzur dəhlizi, Minsk qrupunun ləğvi bu proseslərin, sadəcə, bir hissəsidir. Ortada Ukraynadan sonra Moskvanın əsas hədəfinin Cənubi Qafqaz olacağına dair iddialar da var.

Hafta.az-ın müsahibimi politoloq Rəşad Bayramovdur.

- Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 27-də Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanla Aİ arasında münasibətlərdə müşahidə olunan müsbət dinamikanı müzakirə etdiyini bildirib. Brüssel–Bakı münasibtlərində mövcud vəziyyət necədir?

- Avropa İttifaqının (Aİ) “Qlobal qapı” təşəbbüsü çərçivəsində Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti artdığı bir vaxtda, Azərbaycanın bu yeni nəqliyyat kompozisiyasına qoşulmaq istəyi həm regional, həm də qlobal səviyyədə strateji nəticələr doğurur. Hikmət Hacıyevin bu bəyanatı rəsmi Bakının avropalı tərəfdaşlarla daha sıx inteqrasiya və nəqliyyat dayanıqlığının artırılması xəttini prioritet hesab etdiyini göstərir. Bu kompozisiya yalnız regiondaxili dəhliz deyil, Avropanı Mərkəzi Asiya və türk dünyası ilə birləşdirən genişmiqyaslı logistika xəritəsidir. Azərbaycanın məqsədi Aİ ilə enerji tərəfdaşlığından savayı həm də tranzit və logistika tərəfdaşı statusuna yiyələnməkdir. Brüsseldə aparılan danışıqlarda, o cümlədən Aİ Siyasi və Təhlükəsizlik Komitəsi ilə görüşlərdə məhz bu mövzunun müzakirə edilməsi Bakının Qərblə iqtisadi-coğrafi əməkdaşlığı dərinləşdirmək niyyətindən xəbər verir. Bu həm də Bakının regionda hər hansı kənar təsirlərdən asılılığı azaltmaq strategiyasına uyğundur.

Avropa İttifaqı üçün isə praktik infrastruktur reallığı əsas dəyər olaraq qalır. Azərbaycanın Zəngəzur dəhlizini 2026-cı ilə qədər tamamlamaq planı və bu xəttin illik 15 milyon ton yük daşıma potensialı, rəsmi Bakının regionun əsas tranzit qovşağına çevrilməsi istiqamətində ciddi iradə nümayiş etdirdiyini ortaya qoyur.

Ümumilikdə isə hazırkı mərhələdə Azərbaycan–Aİ münasibətləri stabil və artan dinamika ilə davam edir – enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat dəhlizləri və sərmayə gündəliyin əsas başlıqlarıdır.

- “Ramiz Mehdiyev işi”ndəki təmizləmələrdə əsas arqumentlərdən biri “Rusiya-Ukrayna müharibəsi bitəndən sonra Rusiyanın üzünü Cənubi Qafqaza yönəldəcəyi” il bağlıdır. İlk hədəfin Azərbaycan olacagı vurğulanır. Bu ehtimallar nə dərəcədə əsaslıdır və deyilən təhlükə realdırmı?

- Təbii ki, Rusiya regionda təsir imkanlarının azalmasından narahatdır və Ukrayna müharibəsindən sonra postsovet məkanını yenidən nəzarətə almaq cəhdləri mümkündür. “İlk hədəfin Azərbaycan olması” iddiası o qədər də real görünmür. Bunun da səbəbləri var. Birinci səbəb, Azərbaycanın hərbi-siyasi üstünlüyü və balanslaşdırılmış diplomatiyasıdır. Bakı eyni anda Türkiyə, Qərb, Mərkəzi Asiya və Rusiya ilə işləyərək öz maraqlarını qoruyur. İkincisi, Azərbaycanın müttəfiqləri və onların belə cəhdlər zamanı ata biləcəyi addımlardır ki, Rusiya da bunu bilməmiş deyil. Üçüncü səbəb, Rusiya üçün daha zəif həlqələrin mövcudluğu ilə bağlıdır. Moskvanın öz təsirini bərpa etmək üçün ilk mərhələdə Gürcüstan, Ermənistan və ya Orta Asiyanın müəyyən ölkələrinə yönəlməsi daha real görünür. Və ən nəhayət bu, Azərbaycanın iqtisadi və tranzit mərkəzi kimi artan əhəmiyyəti ilə bağlıdır. Rusiya anlayır ki, Azərbaycanla qarşıdurma onun özünə daha çox ziyan gətirə bilər.

- Düşənbə görüşündən sonra, Rusiya ilə xüsusilə iqtisadi sahədə münasibətlər genişlənir. Ortada Rusiyaya qarşı ABŞ və Avropa sanksiyaları da var. Bu sanksiyalara əməl edilirmi?

- Azərbaycanın xarici siyasəti balans prinsipi üzərində qurulub. Bakı nə Rusiyaya qarşı sanksiyalara açıq şəkildə qoşulur, nə də onları yan keçmək üçün hansısa xüsusi mexanizmlər yaradır. Yəni biz Rusiyaya qarşı sanksiyalara qoşulmasaq da Ermənistan kimi Rusiyaya sanksiyalardan yan keçməyə köməklik də etmirik. Bu da təbiidir. Azərbaycan Rusiya ilə həm ticarət, həm enerji, həm də logistika sahəsində real əməkdaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, Qərb ölkələri ilə strateji tərəfdaşlıq prioritet olaraq qalır və Bakı bu münasibətləri riskə atmaq istəmir. Nəticədə, Azərbaycan sanksiya siyasətində “bitərəflilik” yürüdür. Bu yanaşma həm iqtisadi maraqları qorumağa, həm də böyük güclər arasında balansı saxlamağa xidmət edir.

- Rusiyada Azərbaycanın Türkiyənin rəhbərliyi ilə Mərkəzi Asiya dövlətləri ilə birgə “Türk NATO-su” yaratmaq planları geniş müzakirə edilir. Bu ehtimal Moskva ücün nə deməkdir və “Türk NATO-su”nun yaradılması ideyası realdırmı?

- Məlumdur ki, “Türk NATO-su” ifadəsindən daha çox termin olaraq istifadə edilir. Yəni, başqa sözlə hazırda mövcud olan real platforma Türk Dövlətləri Təşkilatıdır ki, onun da hələlik rəsmi hərbi blok xarakteri yoxdur. Bununla belə TDT çərçivəsində müdafiə sənayesi əməkdaşlığı, birgə təlimlər, hərbi-texniki əməkdaşlıq artdığı, Azərbaycanın, Türkiyənin, Özbəkistan və Qazaxıstanın ortaq təhlükəsizlik baxışları formalaşdığı ortadadır.

Rəsmi Moskvanın bu proseslərdən narahatlığı da ortadadır. Bu, həm Cənubi Qafqazda, həm Mərkəzi Asiyada Rusiyanın ənənəvi təsir dairəsini daraldır. “Türk NATO-su”nun qısa müddətdə real, tamhüquqlu hərbi blok kimi formalaşması ehtimalı zəifdir. Bu daha çox koordinasiyalı kollektiv təhlükəsizlik modeli ola bilər.

- Rusiyalı ekspertlər Ermənistana səfər edərək, keçmiş Daglıq Qarabağ məsələsinin Moskva üçün bağlanmadıgını iddia edirlər. Moskva bu məsələni necə və hansı formada yenidən gündəmə gətirə bilər?

- 2023-cü ildən sonra Qarabağda real vəziyyət dəyişib – Azərbaycan tam suverenlik bərpa edib, Rusiya sülhməramlıları bölgəni tərk edib. İndiki halda Moskvanın bu məsələyə faktiki müdaxilə imkanı minimumdur. Buna baxmayaraq, Rusiya bəzi üsullarla mövzunu siyasi gündəmdə saxlamağa cəhdlər edir. Biz Rusiya mediasında bu istiqamətdə manipulyasiyalara şahidlik edirik. “Status həll olunmayıb”, “Ermənilər təhlükə altındadır” kimi tezislər bunun əyani sübutudur.

Rusiya təbii ki, Ermənistandakı rusiyapərəst qüvvələrin aktivləşməsi, daxildə siyasi böhran yaratmaq cəhdləri ilə nələrsə etməyə çalışa bilər. Bütün bunlar yalnız kommunikativ və simvolik təsir yarada bilər. Real coğrafi və hərbi nəzarət Rusiya üçün artıq əlçatmazdır. Ona görə də bu iddialar daha çox Ermənistan daxilindəki revanşist qüvvələrə mesaj xarakteri daşıyır.

- Rusiya Ermənistan və Azərbaycan arasında sülhə mane ola bilərmi?

- Rusiya özünün təsir imkanlarını qoruyub-saxlamaq üçün sülh prosesinə bu və ya digər şəkildə əngəl olmaq istəyə bilər. İndi Rusiyanın bunun üçün imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli zəifdir. Azərbaycana təsir imkanı yoxdur - ölkə daxilində Rusiyanın hər hansı adla hərbi birlikləri yoxdur, iqtisadi cəhətdən Rusiyadan hər hansı bir asılılığımız yoxdur. Ermənistan ərazisində Rusiya hərbi bazası olmasına və iqtisadi cəhətdən Rusiyadan asılı olmasına baxmayaraq Qərbə inteqrasiya xəttini gücləndirib və KTMT-də fəaliyyətini faktiki olaraq dondurub. Üstəlik artıq Vaşinqton başda olmaqla demək olar ki, bütün dünya münaqişənin bitdiyini qəbul edib. Regional balansda da Rusiyanın çəkisinin xeyli azaldığı ortadadır.

Bununla belə, Moskva müəyyən lobbiçilik, media təzyiqi, Ermənistanda daxili sabitliyi pozmaq cəhdləri ilə prosesə müəyyən dərəcədə mane ola bilər. Bu müdaxilələr danışıqları tam dayandıracaq gücdə deyil. Başqa sözlə, Rusiya sülh prosesinə mane olmağa çalışsa belə, prosesin istiqamətini dəyişmək imkanına malik deyil.

- Məlum olduğu kimi, Minsk qrupunun ləğvi prosesi basa catdi...

- ATƏT-in Minsk Qrupunun ləğvi haqqında qərar beynəlxalq diplomatiya müstəvisində,  Cənubi Qafqazın daxili geosiyasi dinamikasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Minsk qrupu 30 ildən artıq müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin “vasitəçisi” olsa da, 2020-ci il müharibəsindən və regiondakı yeni reallıqlardan sonra onun fəaliyyəti faktiki olaraq mənasızlaşmışdı. Odur ki, qrupun ləğvi bu reallığın beynəlxalq səviyyədə də tanınması anlamına gəlir.

Geosiyasi baxımdan bu addım, ilk növbədə, “köhnə status-kvo modeli”nin rəsmi şəkildə bağlanması deməkdir. Minsk qrupu uzun illər ərzində münaqişəni dondurmuş və ərazi bütövlüyü məsələsi ətrafında real irəliləyişə imkan verməmişdi.

2020-ci ildən sonrakı yeni güc balansı göstərdi ki, münaqişənin əvvəlki formatda idarə olunması artıq mümkün deyil. ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi mexanizm regiondakı dəyişikliklərə adekvat olmadığı üçün ləğv edilməsi həm regional aktorların prioritetlərinə, həm də beynəlxalq təşkilatların yeni yanaşmalarına uyğun gəlir.

Xarici dövlətlərin maraq və rəqabətlərinə əsaslanan köhnə formatdan çıxmaq, Cənubi Qafqazda sülhün daha real, praktiki və ikitərəfli razılaşmalar üzərində qurulmasına geniş imkanlar açır. Minsk Qrupunun ləğvi həm də Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi “ərazi bütövlüyü prinsipi”nin də beynəlxalq səviyyədə təsdiqlənməsi deməkdir.

Qarabağ kontekstində isə bu addım daha konkret nəticələr doğurur. Birincisi, region keçmiş münaqişə zonası kimi deyil, yenidən inteqrasiya və bərpa mərhələsinə daxil olan ərazi kimi qəbul edilir. İkincisi, gələcək sülh müqaviləsi üçün hüquqi və diplomatik maneələr azalır. Bu isə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sərhədlərin demarkasiya-delimitasiyası prosesinin sürətlənməsi üçün müsbət impuls yarada bilər.

Nəticə etibarilə, Minsk prosesinin bağlanması təkcə Azərbaycanın bu istiqamətdəki diplomatik təşəbbüsün yekunu deyil. Bu, həm də regionda siyasi dinamikanın dəyişdiyini göstərir, böyük güclərin geosiyasi strategiyalarına təsir edir və Azərbaycan–Ermənistan münasibətlərində yeni, praktik sülh mexanizmlərinin formalaşmasına şərait yaradır. Azərbaycanın hüquqi və diplomatik qələbəsi – regionda sülh və sabitliyin təmin olunmasında əsas dayaqların birinə çevrilə bilər.

Tahirə Qafarlı

Seçilən
34
hafta.az

1Mənbələr