Bu ilin noyabrında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
AzPost bildirir ki, bu barədə “Trend”ə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb: “Həmin rayonda bir sot torpağın orta qiyməti 425 min 2 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 41.1 faiz çoxdur”.
“Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artım müşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 209 min 258 manata bərabər olub (+38.6 faiz)”, – V.Oruc əlavə edib.
Nərimanovda orta qiymət 302 min 671 manat (+14 faiz), Nəsimidə isə 298 min 28 manat (+21 faiz) təşkil edib.
Ekspertlər Bakıda torpağın son bir ildə kəskin bahalaşmasını müxtəlif səbəblərlə izah edirlər. Onlardan bəziləri deyir ki, bunun başlıca səbəbi paytaxtda əhalinin artımı və ümumu iqtisadi yüksəlişdir.
Amma bir qisim iqtisadçılar da vurğulayırlar ki, son bir ildə ölkədə iqtisadi artım cüzi, təqribən 1 faiz olub. Onlar hesab edirlər ki, Bakıda tikinti məqsədli torpaqların azalması və korrupsiya bahalaşmanı doğuran başlıca səbəblərdir.