Bakı, 4 dekabr, AZƏRTAC
Bizi əhatə edən və gündəlik istifadəmizdə olan əşyaların demək olar ki, mütləq əksəriyyəti neft və neft məhsullarından ibarətdir. İdarə etdiyimiz avtomobil, onun təkərləri, üzərində hərəkət etdiyi asfalt, telefonlar, kompüterlər, qapılar, pəncərələr, ayaqqabılar, paltarlarımız hər yerdə və hər şeydə neftin izləri var.
AZƏRTAC xəbər verir ki, ABŞ-da dərc olunan “International Journal of Cosmetic Science” (Beynəlxalq kosmetika elmi jurnalı” yazır ki, “Müasir qadınların istifadə etdikləri məhsullar 90 faiz neftdən ibarətdir”.
1935-ci ildə tanınmış ABŞ kimyaçısı Uolles Karozers neftdən neylon materialının alınmasını icad etdi ki, bu da sanki xanımlara verilən “ömürlük hədiyyə” oldu.
Bu gün dünyanın istənilən ölkəsində qadın geyimləri və istifadə etdikləri kosmetika neft məhsullarından alınır. Sabunlar, şampunlar, üz və əl üçün kremlər, müxtəlif rəngli dodaq və dırnaq boyaları, ənlik, ətirlər və digər kosmetik vasitələrin tərkibində bol neft məhsulları var. Bunların insan orqanizmi üçün zərərli olub-olmaması haqqında elmi mühitdə çox mübahisələr olub. Əlbəttə kimyəvi maddələr orqanizm üçün zərərlidir. Lakin gözəllik qurban tələb edir. Digər tərəfdən isə Naftalan və parafin tipli neft məhsullarının faydasını dana bilmərik.
Metroloq Bəxtiyar İsmayılov bildirib ki, Naftalan neftinin tərkibi 10 faiz aromatik karbohidrogen, qatran (0,25 faiz), naften karbohidrogenləri (50 faiz), naften turşusu (1 faiz), azot birləşmələri (0,3 faiz) və kükürddən (0,25 faiz) ibarətdir. Bunlarla yanaşı onun tərkibində mis, sink, marqanes, bor, yod, brom kimi mikro elementlər də var.
Bəs necə olur ki, tərkibində bu qədər kimyəvi maddə olan Naftalan nefti gözəllik vasitəsi kimi istifadə olunur?
Naftalan təmizləndikdən sonra onun yağı qalır və bu yağa müxtəlif qatqılar əlavə olunduqdan sonra kosmetik vasitəyə çevrilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, həmin kosmetik vasitənin əsasını Naftalan yağı təşkil edir. Neftin maraqlı xüsusiyyətləri çoxdur. Misal üçün neft emal edildikdən sonra onun qalıqları müəyyən həddə kimi soyudulur və ağ rəngdə “indol” maddəsindən ibarət parafin alınır. Neftin iyi kəskin olsa da “indol” yasəmən ətrində olur ki, bundan da xanımlar üçün üz və əl kremləri, dırnaq boyaları, ətirlər və spreylər hazırlanır.
XIII əsrin tanınmış səyyahı Marko Polo yazırdı ki, “Azərbaycanda çıxan Naftalan nefti müxtəlif xəstəliklərin sağaldılması üçün dəri üzərinə çəkilir”.
Bu gün Naftalan nefti və parafin dermatoloqlar tərəfindən qadınların üz dərisinin gəncləşməsi, nəm saxlanılması, qırışların aradan qaldırılmasında geniş tətbiq olunur. Bərk parafindən ayrılan “seresin” maddəsi də müasir dermatologiya və kosmetikada geniş istifadə olunur. Bundan üz və əl kremləri hazırlanır ki, həmin krem üzdə təbəqə yaradaraq günəşin ultra-bənövşəyi şüalarının üzün dərisinə zərər vurmasının qarşısını alır, quru dərini nəmləndirir. Bu maddədən eyni zamanda diş yumaq üçün pastalar, duru sabunlar və müxtəlif kremlər hazırlanır.
Neftin emalı prosesində müxtəlif çənlərə nəql edilməsi zamanı yaranan “ətir yağı” müxtəlif karbohidrogenlərin birləşməsindən ibarətdir. “Ətir yağı” duru, yağlı, iysiz və dadsız maddədir və digər yağlarla mükəmməl birləşmək xüsusiyyəti var. Bundan kosmetikada qadınlar üçün müxtəlif rəngdə dodaq boyaları hazırlayırlar.
Bu gün dünyada kosmetika istehsal edən tanınmış şirkətlər var. Onlar iyli və çirkli neftdən gözəllik vasitələrinin istehsalı ilə məşğul olur, qadınların daim gözəl görünmək istəklərini təmin edərək milyonlarla dollar qazanırlar. Hazırda kosmetika istehsal edən şirkətlərin gəlirləri heç də iri neft şirkətlərinin gəlirlərindən az deyil. Dünya bazarında neftin qiyməti bəzən çox aşağı düşür, lakin kosmetikanın qiyməti mütəmadi olaraq yüksəlir.