AZ

Aİ-də “Meta”ya qarşı araşdırmalara başlanılıb

Berlin, 4 dekabr, AZƏRTAC

Avropa Komissiyası “Meta” şirkəti barəsində Avropa rəqabət qanunlarını pozma ehtimalına görə araşdırmaya başlayıb.

AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, komissiya şirkətin vatsap mesajlaşma xidmətinə süni intellekt təminatçılarının girişini qanunsuz şəkildə məhdudlaşdırmasından şübhələnir.

“Meta”nın istifadə şərtlərində oktyabrda elan olunan dəyişiklik şirkətlərə vatsap vasitəsilə xidmətlərini təqdim etməyə imkan verən funksiyanı əhatə edir. Komissiyanın məlumatına görə, bu dəyişikliklə əsas fəaliyyəti süni intellekt olan təminatçılar həmin funksiyadan kənarlaşdırılır.

Avropa İttifaqının rəqabət məsələləri üzrə komissarı Tereza Ribera bildirib ki, komissiya dominant rəqəmsal bazar liderlərinin öz güclərindən sui-istifadə edərək innovativ rəqibləri sıxışdırmasının qarşısını almaq istəyir. Avropa İttifaqı digər süni intellekt köməkçilərinin də vatsap üzərindən əlçatan olmasını istəyir.

Əgər komissiyanın iddiaları təsdiqini taparsa “Meta”ya qarşı cərimə tətbiq oluna bilər. Brüssel apreldə “Meta”nın instaqram və feysbuk platformalarında rəqabət qaydalarını pozması ilə əlaqədar şirkəti 200 milyon avro cərimələyib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
32
2
azertag.az

2Mənbələr