AZ

Deputat Ramiz Mehdiyev və Əli Kərimli işbirliyindən DANIŞDI

“Müstəqillik əldə olunduğu ilk illərdən Azərbaycan üçün ən prioritet məsələlərdən biri ölkədə siyasi sabitliyin təmin edilməsi olub”.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, 1990-cı illərin əvvəllərində yaşanan xaos, hakimiyyət böhranları, iqtisadi tənəzzül və separatizm təhlükəsi cəmiyyətin kollektiv yaddaşında dərin iz buraxmışdı:

“Məhz həmin dövrün təcrübəsi Azərbaycan sosial-siyasi düşüncəsində sabitliyin inkişaf üçün əsas şərt olduğu qənaətini formalaşdırdı. Bu gün ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institusional islahatlar, regional inkişaf layihələri, infrastrukturun genişlənməsi və sosial siyasətin gücləndirilməsi sabitliyi qorumağa xidmət edən əsas elementlər kimi çıxış edir.

Dövlət strukturlarının fəaliyyətində mərkəzləşmiş idarəetmə modeli, təhlükəsizlik orqanlarının koordinasiyalı fəaliyyəti və ictimai rəyin sabitlik yönümlü olması ölkədə siyasi mühitin nəzarətdə saxlanmasını təmin edib.  

Azərbaycan cəmiyyəti üçün əsas prioritetlər – təhlükəsizlik, iqtisadi dirçəliş, sosial rifah və böyük Qarabağ Zəfərindən sonra yeni inkişaf mərhələsinin qurulmasıdır. Bu kontekstdə cəmiyyətin böyük qismi radikal təlatümlərin ölkənin əsas hədəflərinə zərər gətirəcəyi qənaətindədir.

Ötən illər ərzində özünün pərdəarxası fəaliyyəti ilə məhz yuxarıda sadaladığımız, dövlət və dövlətçilik baxımından əhəmiyyətli məqamları özündə cəmləşdirən faktorları yox etməyi hədəfləyən Ramiz Mehdiyev və onun alətinə çevrilmiş müxtəlif müxalif birliklər, fərqli adlar altında siyasi proseslərə təsir göstərməyə çalışmışlar”.

Millət vəkili qeyd edib ki, bunlara Milyarderlər İttifaqı, Milli Şura, Ziyalılar Forumu və digər platformalar daxildir:

“Milyarderlər İttifaqı kimləri biraraya gətirirdi? Bu birlik əsasən xaricdə yaşayan azərbaycanlı iş adamlarının təşəbbüsü ilə formalaşmışdı. Məqsəd ölkədə siyasi proseslərə təsir göstərmək, müəyyən siyasi alternativ yaratmaq olsa da, ittifaqdaxili fikir ayrılıqları, liderlik mübahisələri və real sosial dayağın olmaması səbəbindən geniş rezonans əldə etmədi.

Cəmiyyət bu qurumu daha çox şəxsi maraqların toqquşması kimi qəbul etdi. Daha bir təşkilat - Ziyalılar Forumu daha çox intellektual müzakirə platforması kimi formalaşmışdı. Lakin forumun siyasi iddialara keçidi cəmiyyət tərəfindən ciddi qəbul edilmədi.

Çünki onun üzvləri arasında siyasi xətt və məqsədlər baxımından vahid yanaşma mövcud deyildi. 2013-cü ildə yaradılan Milli Şura isə müxtəlif müxalif partiyaları və ictimai-siyasi fiqurları bir araya gətirməyi hədəfləyirdi. 

İlk illərində müəyyən aktivlik göstərsə də, zamanla parçalanmalar, ideoloji uyğunsuzluq və təşkilati zəiflik səbəbindən kütləvi ictimai dəstək qazana bilmədi. Şuranın təklif etdiyi siyasi model cəmiyyət tərəfindən inandırıcı alternativ kimi dəyərləndirilmədi.

Əli Kərimli Milli Şuranın yaradılmasında əsas təşəbbüskar rol oynayan şəxs olaraq “seçilmişdi”. Lakin strukturun fəaliyyətində bir sıra gözlənilməz ziddiyyətli məqamlar yaranmışdı. Təşkilatın nəzdində liderlik mübarizəsi, xarici fiqurların təsiri, təşkilati qeyri-sabitlik kimi faktorlar hökm sürürdü”.

Həmsöhbətimiz əlavə edib ki, Milli Şurada həm siyasi partiya liderləri, həm ictimai xadimlər, həm də diaspor nümayəndələri yer alırdı: 

“Kollektiv liderlik modeli nəzərdə tutulsa da, real idarəetmə AXCP üzərində mərkəzləşməyə doğru gedirdi. Bu isə digər iştirakçıları narazı salırdı. Təşkilata Rüstəm İbrahimbəyovun sədr seçilməsi isə daxili legitimlik böhranı yaratdı, qərarların icrasında fasilələr verildi.

Milli Şura geniş koalisiyadan daha çox, müxtəlif siyasi spektrlərin zəif koordinasiya olunmuş cəhdinə çevrilmişdi. Təşkilati baza, reqional strukturlar və vahid resurs mərkəzi mövcud deyildi. 

Keçilən yol, siyasi təhlillər və son günlərdə ortaya çıxan mövcud reallıq - Ramiz Mehdiyevin dövlət  aparatının ali kürsüsündə otura otura, dövlətə qarşı “rəngli” ssenarilər, “çevriliş” layihələrini hazırlaması, bu ssenarilərin və layihələrin icrasını ən “istedadlı” aktyorlara tapşırması və s. onu göstərir ki, heç bir məkrli niyyət xalqın iradəsi qarşısında davam gətirmək iqtidarında deyil və bu kimi cəhdlər, elə beşiyindəcə məhv olmağa məhkumdur.

Bugünkü ictimai rəy göstərir ki, Azərbaycan cəmiyyəti siyasi birliklərin və qruplaşmaların fəaliyyətini kifayət qədər ayıq şəkildə izləyir. İnformasiya mühitinin genişlənməsi, medianın əlçatanlığı və siyasi təcrübə insanlara daha dolğun dəyərləndirmə imkanı yaradır”.

Jalə Əliyeva vurğulayıb ki, gündəlik həyatında sabitlikdən bəhrələnən cəmiyyət radikal çağırışlara həssas yanaşır və ölkədə xaosa səbəb ola biləcək təşəbbüslərə dəstək göstərmir:

“Məhz buna görə də indiyə qədər müxtəlif adlar altında yaranan siyasi birliklər real nəticə əldə etmədi. Azərbaycanda sabitlik artıq təkcə dövlət siyasətinin deyil, həm də cəmiyyətin dəyərə çevirdiyi anlayışdır.

Ölkədə müxtəlif siyasi platformaların yaranması demokratik mühitin təzahürlərindən biri olsa da, onların geniş dəstək qazanması üçün cəmiyyətin real ehtiyaclarını, inkişaf prioritetlərini və milli təhlükəsizlik məsələlərini nəzərə almaları tələb olunur. 

Bu gün ölkədə mövcud olan siyasi stabil mühitin pozulması üçün heç bir qüvvənin yetəri sosial dayağı yoxdur. Cəmiyyət illərin təcrübəsinə əsaslanaraq, ölkənin gələcəyinin ancaq sabitlik, inkişaf və ardıcıl dövlət siyasəti üzərində qurula biləcəyini dərk edir”.

Seçilən
93
cebheinfo.az

1Mənbələr