AZ

Ayxan Abbasov, yoxsa Həzrət Abbas?! – REPLİKA

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasından sonra məlum oldu ki, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov 1 oyun cəzalanıb, klub 2 min manat cərimələnib. “Sumqayıt”ın çalışdırıcısı Saşa İliç isə növbəti 4 oyunda ehtiyat oyunçular skamyasında olmayacaq. Həmçinin “kimyaçılar” 10 min manat ödəməlidi.

Niyə? Gəlin bir qədər əvvələ - noyabrın 30-da Misli premyer-liqasının 13-cü turunun “Şamaxı” – “Sumqayıt” matçına (1:2) qayıdaq. Çünki AFFA-nın tətbiq etdiyi cərimə sanksiyaları məhz bu oyunda baş verən hadisəylə bağlıdı. Dəqiq desək, 70-ci dəqiqədə “şirlər”in futbolçusu Karim Rossi hesabı açdı. Belədə sevincdən qanad açıb uçmağa hazır olan “Şamaxı”nın texniki zonasında böyük xoşbəxtlik yaşandı. Hətta həmin məqamda meydan sahiblərinin qonaqlara acıq verdiyini iddia edənlər də var. “Kimyaçılar” 88-ci dəqiqədə Aleksa Yankoviçin qoluyla tablodakı rəqəmlərə tarazlıq gətirdi. Ardınca Saşa İliç rəqibin texniki zonasına doğru irəliləyərək “Şamaxı”lılara acıq verdi. Bunu görən Ayxan Abbasov o qədər özündən çıxdı ki, rəqib baş məşqçinin üzərinə şığıdı. Həmin görüntüləri izləyən hər kəsə aydındı ki, mütəxəssis orda İliçə qarşı fiziki güc tətbiq etməyə çalışırdı. Yaxşı ki, ətrafdakılar hadisələrin axarına biganə qalmadı və ara sakitləşdi. İş ondadı ki, İliçin rəqibə acıq verməsində fiziki şiddət göstəricisi yox idi. O yalnız jestlərə yer verdi. Ayxan Abbasov isə sözün əsl mənasında biabırçı davranışla yadda qaldı. Hələ onu demirik ki, qısa müddətdə səhvini anlayan serbiyalı matçdan sonra rəqibin baş məşqçisinə yaxınlaşdı və üzrxahlıq etdi, günahkar olduğunu boynuna aldı.

Bu günə qayıdaq. Bəli, bəlkə də İntizam Komitəsi hansısa müddəalara əsasən İliçlə Abbasov haqda ədalətli qərar verdiyini düşünür. Lakin bəzi məqamları nəzərə almaq vacib idi. Məsələn, İliç onsuz da səhvini anlayıb. Bu səbəbdən 4 oyunluq cəza heç yerinə düşmür. Digər tərəfdən, Abbasovun cəzası yetərincə yüngüldü. Halbuki, yuxarıda da vurğuladığımız kimi, söhbət sağlamlığa zərər vura biləcək cəhddən gedir! Bu məqamda Ayxan bəyin həm də yığmanın baş məşqçisi olduğunu unutmamalıyıq.

Odu ki, gəlin, ayrı-seçkilik etməyək! İşə “yerlini əcnəbinin ayağına vermək olmaz” prinsipiylə yanaşanda ədalət tapdalanır. Ən əsası, belə böyük səhvlərə görə yüngül cəzalar tətbiq edib kimisə ilahiləşdirməyək, “şişirtməyək”! Qarşımızdakı Ayxan Abbasovdu, Həzrət Abbas deyil!

KƏNAN BAHADIR

Seçilən
34
1
football-plus.az

2Mənbələr