AZ

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” keçirilib.

AZƏRTAC xəbər verir ki, dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan forum “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

Könüllülük fəaliyyətinin Azərbaycanda daha da genişlənməsi, eyni zamanda, könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgidə könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. Forumda iştirak edən dövlət rəsmiləri və Azərbaycan könüllüləri sərgi ilə tanış olublar.

5 Dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev ölkəmizdə könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib, Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi ardıcıl dəstəyin bu sahədə əldə olunan uğurların əsas hərəkətverici qüvvəsi olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, bu il 5-ci ildönümü qeyd olunan şanlı Zəfərimiz gənclərin vətənpərvərlik ruhunu yüksəldir və ictimai fəallığını artırır. Eyni zamanda, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması könüllülük hərəkatının inkişafına, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə geniş imkanlar yaradır.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Vüqar Əliyev tədbir iştirakçılarına qurumun 2025-ci ildə həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, hər zaman olduğu kimi, 2025-ci ildə də dövlət başçısı İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları əsas götürülərək AKTİ tərəfindən il ərzində könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif istiqamətli layihələr həyata keçirilib.

İttifaqın sədri çıxışında könüllülük hərəkatının inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması istiqamətində əldə olunan mühüm nailiyyətləri vurğulayıb. O, gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi və gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması məqsədilə yeni layihə və təşəbbüslərin irəli sürüləcəyini də diqqətə çatdırıb.

Forumda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyəti ilə bağlı videohesabatlar nümayiş etdirilib. Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.

Tədbirin yekununda forum iştirakçılarının xatirə fotosu çəkilib.

Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində “Suveren Azərbaycan” intellektual liqası, “Könüllü saatı”, “Zəfər atışı” atıcılıq turniri, “Könüllü ol” adlı infosessiyalar, “Birlikdə 5 il” könüllülük festivalı, “Ulu miras”, Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi və Beynəlxalq Könüllülər Mərkəzi üzrə mübadilə proqramı kimi layihə və tədbirlər təşkil ediləcək.

Seçilən
19
2
azertag.az

4Mənbələr