Ramiz Mehdiyevin xəyanəti siyasi və hüquqi məsələ olmaqla yanaşı həmdə mənəviyyat daha doğrusu mənəviyyatsızlıq məsələsidir.
Sovetlər dönəmində mərkəzləşdirilmiş siyasi aparatın tələblərinə uyğun olaraq formalaşmış siyasi kadrlar sistemi, bəzən dövlət maraqları ilə şəxsi və xarici maraqların ziddiyyətini ortaya çıxarmışdır. Bu kontekstdə Ramiz Mehdiyev kimi dövlət strukturunda uzun illər mövqeyini möhkəmləndirmiş şəxslərin fəaliyyətləri, müstəqillik dövründə açıq şəkildə yeni dövlətçilik modelinə qarşı yönəlmiş davranışlar kimi təhlil olunur. Ramiz Mehdiyev modeli yalnız siyasi xəyanət və hakimiyyətin manipulyasiyası səviyyəsində deyil, eyni zamanda Azərbaycan elminin inkişafına vurulmuş sistemli zərbə kimi qiymətləndirilə bilər.
Onun fəaliyyəti, həm yerli, həm də beynəlxalq elmi mühitdə Azərbaycanın mövqelərinə ciddi təsir göstərmiş, elmi strategiyanın uzun müddət əngəllənməsinə və istedadlı kadrların ölkədən ayrılmasına şərait yaratmışdır.
Bu isə dövlətçilik və elmi inkişaf baxımından uzunmüddətli nəticələr doğurur, elmin strateji prioritetlərinin yenidən formalaşdırılmasının vacibliyini ortaya qoyur.
Bəs Ramiz Mehdiyevin 87 yaşında belə ciddi siyasi təsir göstərə bilməsi onun Azərbaycan siyasi sistemindəki mövqeyini necə əks etdirir?
Mövzu ilə bağlı NOCOMMENT.az-a politoloq Əli Mustafa şərh verib:
“Ramiz Mehdiyevin indiyədək topladığı təcrübə çox böyükdür. Yaşı çox olsa da, sağlamlığı yerindədir. Üstəlik, onun siyasi fəaliyyət təcrübəsi də kifayət qədər böyükdür. Müxtəlif proseslərdə iştirak edib, Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında da çalışıb. O, Azərbaycan dövlətində vəzifələrə yüksəlmək üçün müxtəlif səviyyələrdə fəaliyyət göstərib. Təbii ki, bu illər ərzində böyük təcrübə və səriştə qazanıb, onda məsələlərə daha dolğun yanaşma bacarığı formalaşıb. O, ətrafında ciddi siyasi avtoritet toplaya bilib və bir çox sahələrdə özünün təsir imkanlarını göstərib. Lakin son baş verənlər göstərdi ki, müəyyən məsələlərdə ziddiyyətlər, müxtəlif baxışların toqquşması qaçılmazdır. Bu proseslərin bir hissəsi artıq görünmək üzrədir. Hazırda yaşananlar isə daha dərindir.
Dövlət idarəçiliyinin mahiyyətində, təhlükəsizlik məsələlərində, siyasi sistemin formalaşması prosesində müəyyən çatışmazlıqlar üzə çıxdı. Mən burada şəxslərdən yox, ümumi sistemdən danışıram. Yəni dünya düzəni dəyişir, yeni reallıqlar yaranır, paradiqmalar tamamilə fərqli istiqamət alır. Əgər biz yeni dünya düzənini anlayıb, onun bir parçası olmaq istəyiriksə, bu dəyişikliklərə uyğunlaşmaq məcburiyyətindəyik. Köhnə yanaşmalar artıq işləmir, yeni paradiqmalar isə yeni qaydalar tələb edir. Dünyada baş verən dəyişikliklər yeni bir epoxa yaradır – Sovet sonrası dövr artıq başa çatır, Rusiya epoxası da zəifləyir”.
Politoloq əlavə edib ki, regionda yeni güc balansı formalaşır:
“Hesab edirəm ki, bu yeni regional reallıqda Rusiya yalnız bizim uğurlarımıza mane olmağa çalışa bilər. Bu səbəbdən baş verənlər tamamilə məntiqlidir. Siyasi sistemdə hələ də təsiri olan bir şəbəkənin zərərsizləşdirilməsi ilə bağlı verilən qərar siyasi baxımdan düzgündür. Məncə, bu qərar bir qədər tez də verilə bilərdi. Amma hər halda, bu addım mütləq atılmalı idi. Sovet nomenklaturasının tam ləğvi vaxtında həyata keçirilmədi və bu səbəbdən bir çox proseslər sonrakı mərhələlərdə ordunun və siyasi sistemin də daxil olduğu ciddi nəticələr doğurdu. İndi baş verənlərin mahiyyəti də məhz budur”, – ekspert yekunlaşdırıb.