Onun özünəməxsus dil qatından əlavə, SİRR və YOL anlayışları (bu iki kəlməni “sirli yol”, “yolun sirri”, “sirrin yolu” kimi ifadələrdə də birləşdirmək mümkündür) bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Esselərində də, dramaturgiyasında da, hekayələrinin əksəriyyətində də, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...”, “Sirlərin sərgüzəşti” kimi romanlarında da müəllifdən çox, sirlərin ardınca yol tutan, qarşılaşdıqlarını Sözə çevirən bir səyyahı xatırladır. Bəlkə, elə buna görə yazdıqlarını “...uzun və ağır gecələrdə narahat bir beynin – Yolun hərəkətinə inanmaq istəməyən həyat eşqinin səhərə, işığa uzanan niskili” kimi xarakterizə edir.
Məncə, onun üçün yaradıcılıq – şübhədən həqiqətə doğru uzanan sirr dolu bir yoldur. Esselərinin birində şübhəni, demək olar, yaradıcılığın başlıca prinsipi sayır: “...Şübhə edənin gərək bir prinsipi, idealı olsun... Bütün şübhələr – sonraya, torpaq üstündə möhkəm dayanmağı öyrənəndən sonraya! Şübhə eləməyə gərək haqq qazanasan. Şübhə etmək səbatlıların işidir...” Elə bu baxışdan çıxış etsək, "Kamal Abdullanın sirri" çözülür: o, əsərlərinin kökündəki mətləblərdən şübhələnməsəydi, həqiqəti hamıdan əvvəl özü üçün aşkara çıxarmağa can atmasaydı, yəqin ki, yazmaq fikrinə də düşməzdi.