AZ

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi gələn ildən fəaliyyətini daha genişmiqyaslı proqramlarla davam etdirəcək - AÇIQLAMA

Bakı, 4 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 2026-cı ildən fəaliyyətini daha genişmiqyaslı proqramlarla davam etdirəcək.

Bu barədə AZƏRTAC-a açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyayev məlumat verib. O bildirib ki, mərkəzin 2023–2025-ci illəri əhatə edən üçillik proqramı uğurla başa çatdırılıb, lakin ölkədə kibertəhlükəsizliyə artan ehtiyac nəzərə alınaraq fəaliyyət strategiyası daha da genişləndirilib.

Şahmar Hacıyəhyayev qeyd edib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni ildən etibarən öz fəaliyyətini daha böyük çərçivədə davam etdirir: “Biz 2023–2025-ci illəri əhatə edən proqramla kifayətlənmədik. Azərbaycan ekosistemində kibertəhlükəsizliyə ehtiyac ciddi şəkildə artdığı üçün fəaliyyətimizi daha geniş çərçivədə davam etdiririk. Növbəti üç ildə də eyni qaydada tədris dalğaları həyata keçiriləcək. Ən azı əvvəlki illərdə olduğu kimi eyni sayda və eyni tərkibdə tədris proqramlarını davam etdirəcəyik”.

Departament müdiri bildirib ki, yeni dövrdə ixtisasartırma sahəsində “Purple Team” təlimlərinin miqyası artırılıb. Əmək bazarında artıq fundamental biliklərə sahib mütəxəssislərin kifayət qədər olduğunu deyən Şahmar Hacıyəhyayev vurğulayıb ki, indi məqsəd orta və senior səviyyəli kadrlara ehtiyacın təmin edilməsidir: “Artıq biz fokuslandıq ki, orta və böyük səviyyədə mütəxəssislərin hazırlanmasına ehtiyac var. Bu səbəbdən “Purple Team” təlimlərinin miqyasını genişləndirmişik”.

Şahmar Hacıyəhyayev bildirib ki, 2023–2025-ci illərin sonuncu ilində universitetlərlə əməkdaşlıq çərçivəsində “Beyin mərkəzi” layihəsi genişləndirilib və artıq 4 universitetdə 5 fənn üzrə dərslər təşkil edilib. 2026-cı ildən etibarən layihənin ən azı 10 ali təhsil müəssisəsini əhatə etməsi nəzərdə tutulur. Bu çərçivədə tədris proqramlarının mütəmadi yenilənməsi, laboratoriyaların qurulması, dərslərin həm universitetlərdə, həm də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin laboratoriyalarında keçirilməsi planlaşdırılır.

“Biz yalnız dərs keçmirik, tədris prosesinin gündəlik yenilənməsini, laboratoriyaların qurulmasını və universitetlərlə daha geniş əməkdaşlığın genişləndirilməsini hədəfləmişik”, – deyə o əlavə edib.

İRİA rəsmisi “CyberPark” layihəsinin fəaliyyətinə də toxunub. O bildirib ki, artıq mərkəz daxilində kiçik bir “co-working” zonası yaradılıb və burada gənclər kibertəhlükəsizlik məhsullarının hazırlanması üzərində işləyirlər. Məqsəd həm yeni texnologiyaların tətbiqini təşviq etmək, həm də yerli məhsulların inkişafına imkan yaratmaqdır. “Hazırda iki məhsul əmək bazarında tətbiq olunur, üçüncü məhsul isə MVP mərhələsindədir. 2026-cı ildə ən azı iki yeni kibertəhlükəsizlik məhsulunun bazara çıxarılması planlaşdırılır. Biz bununla kifayətlənmirik. Məhsul yaratmaq istəyən gənclər üçün şərait yaradılıb ki, öz ideyalarını burada inkişaf etdirsinlər və real bazara çıxaracaq məhsullar ortaya qoysunlar”, – Şahmar Hacıyəhyayev deyib.

Departament müdiri vurğulayıb ki, kibertəhlükəsizlik sahəsində insan kapitalının gücləndirilməsi prioritetdir. “Biz gənclərlə, məzunlarla, öz ekspertlərimizlə birlikdə çalışırıq. Məqsədimiz həm mütəxəssisləri yetişdirmək, həm də yerli kibertəhlükəsizlik sənayesini formalaşdırmaqdır”, – deyə o bildirib.

Şahmar Hacıyəhyayev əlavə edib ki, 2026-cı il üçün nəzərdə tutulan geniş proqramlar Azərbaycanın kibertəhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Seçilən
87
azertag.az

1Mənbələr