AZ

Nevroloq məsləhət görür: Vaxtında aparılan müayinələr gənclərdə insult riskinin qarşısını almağa kömək edir

Bakı, 4 dekabr, AZƏRTAC

Son onilliklərdə insult keçirən gənc pasiyentlərin sayının artması ilə bağlı narahatedici tendensiya müşahidə olunur. Əvvəllər insult əsasən yaşlı insanların xəstəliyi sayılırdısa, bu gün 20–25 yaş aralığındakı şəxslər arasında da getdikcə daha çox qeydə alınır. Bu dəyişiklik xüsusilə də müntəzəm tibbi müayinələrə çox vaxt laqeyd yanaşan gənclər arasında risk amillərinə diqqətin artırılmasını və aktiv profilaktikanı tələb edir. Əsas patoloji vəziyyətlərin vaxtında aşkar edilməsi və korreksiyası bu sosial əhəmiyyətli problemlə mübarizənin ən mühüm istiqamətlərindəndir.

Nevroloq-elektrofizioloq Nərmin Hüseynova AZƏRTAC-a açıqlamasında insultun “cavanlaşmasının” səbəbləri və bu xəstəliyin qarşısının alınması üçün görülməli tədbirlərdən danışıb.

Həkimin sözlərinə görə, ən əsas və ən mühüm risk amili arterial təzyiqdir (AT). “Məsələ ondadır ki, gənclər çox vaxt təzyiqi ölçmür və onun yüksəlməsindən xəbərsiz olurlar. Halbuki valideynlər və ya yaxın qohumlar hipertoniyadan əziyyət çəkirsə və ya infarkt, insult keçiribsə, şikayət olmasa belə, AT mütəmadi yoxlanmalıdır. Gənclərdə hədəf AT səviyyəsi 130-dan yüksək olmamalıdır”, – deyə N. Hüseynova bildirib.

Nevroloqun sözlərinə görə, digər bir səbəb xolesterin səviyyəsinin yüksəlməsidir: “Fastfudun üstünlük təşkil etdiyi müasir həyat tərzi və hərəkətsiz ofis işi piylənməyə, maddələr mübadiləsinin pozulmasına, bunun nəticəsində xolesterin səviyyəsinin artmasına gətirib çıxarır. Mütləq müayinədən keçmək və xolesterinin səviyyəsini 6–12 ayda bir dəfə yoxlamaq lazımdır”.

Həkim qeyd edib ki, koaqulyasiyanın pozulması və tromboza meyillilik ağır fəsadlara səbəb olur: “Bu, gənclər üçün əsas risk amilidir. Şikayət olmasa belə, tromboza irsi meyilliliyi müəyyən etmək üçün genetik panel tövsiyə oluna bilər. Əgər insult və ya infarkta meyillilik aşkarlanarsa, müəyyən dərmanların ömürlük qəbulu tələb oluna bilər”.

“Şəkərli diabet və insulin dirənci də ürəyin vəziyyətinə təsir edir. Qanda qlükoza normada olsa belə, insulin dirəncini yoxlamaq vacibdir, çünki bu, gənc yaşda insult üçün ilkin göstərici ola bilər. Eyni zamanda müxtəlif aritmiyalar kimi kardioloji problemlər də risk yaradır. Əgər ürəkdöyünmənizin tezləşdiyini və ya zəiflədiyini hiss edirsinizsə, mütləq kardioloqa müraciət edilməlidir”, – deyə N. Hüseynova bildirir.

Nevroloq vurğulayıb ki, son beş–altı ildə insult hallarının, xüsusən gənclər arasında artmasını keçirilmiş COVID-19-la əlaqələndirirlər, çünki infeksiya birbaşa qan dövranını pozur və tromb yaranmasına səbəb olur. “İnsultun gedişi işemik və ya hemorragik ola bilər. Hemorragik forma isə çox vaxt daha ağır keçir. Təxminən 30–40 faiz insultlar parezlə müşayiət olunur və təxminən 10–15 faizi ağır formada keçir. Gənclərdə adətən sağalma daha sürətli olur, lakin vaxt tələb edir və dərman müalicəsi ilə yanaşı, mütləq keyfiyyətli reabilitasiya tələb olunur”, – deyə həkim qeyd edib.

Nərmin Hüseynova profilaktik tədbirlərlə bağlı tövsiyələr verib: “Buraya AT-nin nəzarətdə saxlanılması, şəkər və xolesterin səviyyəsinin yoxlanılması, mütləq fiziki aktivlik – gündə ən azı 1–2 saat piyada gəzmək, siqaretdən imtina, çəkinin nəzarətdə saxlanılması və beyin funksiyalarının bərpası üçün tam 7–8 saatlıq yuxu daxildir”.

 

Seçilən
67
azertag.az

1Mənbələr