AZ

Xəzərin səviyyəsi 18 metrədək daha da enə bilər - Ekoloqdan XƏBƏRDARLIQ

"Xəzər dənizinin səviyyəsinin bu qədər ciddi geri çəkilməsinin əsas səbəbləri iqlim dəyişikliyi, quraqlıq və su itkisi ilə bağlıdır. Elmi araşdırmalar göstərir ki, səviyyə enməsinin 80–90 faizi məhz iqlim dəyişikliyi nəticəsində baş verir. Xəzərə daxil olan suyun böyük hissəsi Volqa çayından gəldiyi üçün Volqada suyun azalması da prosesi sürətləndirən mühüm amildir. Son illərdə çay hövzəsində buxarlanmanın artması, quraqlıq, Rusiyada Volqa boyunca yerləşən su anbarları və sənaye müəssisələrinin yüksək su tələbatı Xəzərə çatacaq suyun miqdarını daha da azaldır. Bütün bu amillər su səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur".

Bu barədə Redaktor.az-a açıqlamasında ekoloq İradə Həsənova Xəzər dənizində su səviyyəsinin geri çəkilməsinin səbəblərindən danışarkən bildirdi.

"Dənizin çirklənməsi, sahil zonalarından axıdılan tullantılar, çaylarla daxil olan çirkləndiricilər və neft hasilatı ilə bağlı proseslər də ekoloji vəziyyəti ağırlaşdırır. Xəzərin yenidən əvvəlki su səviyyəsinə qayıtması mümkünlüyünə gəlincə, bu, birbaşa iqlim dəyişikliklərinin gedişatından asılıdır. Bəzi mütəxəssislər uzunmüddətli perspektivdə yağıntıların artması və iqlim dinamikasının dəyişməsi ilə su səviyyəsinin stabilləşə və hətta müəyyən qədər arta biləcəyini ehtimal edirlər. Lakin hazırkı məlumatlar göstərir ki, yaxın onilliklərdə enmə tendensiyası davam edə bilər və hətta proqnozlara görə 2100-cü ilə qədər səviyyə 18 metrədək daha da enə bilər", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
34
1
redaktor.az

2Mənbələr