Bakı, 4 dekabr, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycan Avropa və Asiya arasında elə bir strateji mövqeyə malikdir ki, innovasiyalar sahəsində Şərqlə Qərb arasında “körpü” olmağa imkan yaradır. Ölkə yerli startapları qlobal texnoloji zəncirlərə inteqrasiya etməklə dayanıqlı innovasiya ekosistemi formalaşdırmağa çalışır. Bu prosesdə dövlət, biznes və beynəlxalq ekspertlər birgə şəkildə infrastruktur qurur və investisiyalar cəlb edirlər.
AZƏRTAC-ın suallarını dövlət strukturları və korporasiyalar üçün tərəfdaşlıq, texnologiya, innovasiya və ekosistem inkişafı üzrə ekspert Alfredo Qomes Soriya cavablandırır.
– Beynəlxalq təcrübənizə əsaslanaraq, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə dayanıqlı və effektiv innovasiya ekosistemi qurmaq üçün hansı əsas komponentlər tələb olunur?
– Dünyanın 60-dan çox ölkəsində, o cümlədən Özbəkistan, Misir, Kamboca və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda fəaliyyət təcrübəmizə əsaslanaraq demək olar ki, Azərbaycanda dayanıqlı innovasiya ekosisteminin qurulması bir neçə əsas komponentə söykənir.
Birincisi, dövlət və özəl sektor arasında güclü tərəfdaşlığın yaradılması zəruridir. Bu zaman hökumət təşəbbüsü həm ali səviyyədə strateji dəstək təqdim etməklə, həm də əlverişli normativ mühit təmin etməklə aktiv şəkildə dəstəkləməlidir.
İkincisi, beynəlxalq inteqrasiya böyük əhəmiyyət daşıyır: biz daim qlobal ekspertləri və kapital cəlb edirik, eyni zamanda yerli startaplara qlobal bazarlara birbaşa çıxış veririk. Həmçinin bu sahə üzrə hədəfli ixtisaslaşma da tələb olunur, bu zaman proqram yerli rəqabət üstünlüyü olan və ya aktual ehtiyac duyulan sahələrə, məsələn “FinTech” və ya “EnergyTech” istiqamətlərinə fokuslanmalıdır ki, bu da korporativ sektorun iştirakını və proqramın əhəmiyyətini artırır.
Bundan başqa, inkubasiya və akselerasiya proqramları ilə məhdudlaşmayan, istedadların davamlı şəkildə hazırlanmasını və risk etməyə təşviq edən dinamik mədəniyyətin yaradılmasını təmin edən kompleks dəstək infrastrukturu formalaşdırılmalıdır. Bu mədəniyyətə butkemplər, hakatonlar, startap müsabiqələri, investor otaqları və digər fəaliyyətlər daxildir.
Və nəhayət, güclü maliyyə mühiti qurulmalıdır. Burada yerli “mələk” və vençur investor şəbəkələrinin fəal şəkildə maarifləndirilməsi və prosesə cəlb edilməsi startapların miqyaslanma və uzunmüddətli inkişaf üçün tələb olunan davamlı maliyyələşməyə çıxışını təmin edir.
– Dövlət institutları innovasiyaları stimullaşdırmaqda hansı rolu oynamalıdır? Dəstək ilə həddən artıq tənzimləmə arasındakı sərhəd haradan keçir?
– Müxtəlif ölkələrdə dövlət tərəfdaşları ilə iş təcrübəmiz göstərir ki, dövlətin rolu gündəlik operator olmaq deyil, strateji “katalizator” kimi çıxış etməkdir. Konkret desək, hökumət əvvəlcə innovasiyaları prioritet kimi təsbit edən rəsmi mandat verməli və güclü, məqsədyönlü yerli lider təyin etməlidir. Litvadakı “Startup Lithuania” buna yaxşı nümunədir. Əsas məqam dövlətin gücündən maneələrin aradan qaldırılması üçün istifadə edilməsidir, yəni cəlbedici vergi güzəştlərinin verilməsi, yeni texnologiyaların sınaqdan keçirilməsi üçün tənzimlənən “sandbox” mühitlərinin yaradılması, beynəlxalq istedad və investorlar üçün viza prosedurlarının sadələşdirilməsi buna daxildir.
Bəs sərhəd haradadır? Hesab edirik ki, dövlət innovasiya dəstəyi proqramlarının idarə olunması kimi operativ vəzifələri “Plug and Play” kimi ekspertlərə həvalə etməlidir. Dövlət isə ekosistemin əsas infrastrukturunun yaradılması, maliyyələşdirilməsi və yerli startaplar üçün ilk mühüm müştəri qismində çıxış etməklə rolunu oynayır. Eyni zamanda, həddən artıq bürokratiyaya və sərt investisiya nəzarətinə yol verilməməlidir. Çünki bunlar real innovasiya üçün tələb olunan çevikliyi və risk götürmə hazırlığını boğa bilər.
– Cənubi Qafqaz ölkələri startap və texnoloji həllərini qlobal innovasiya zəncirlərinə inteqrasiya etmək üçün hansı addımlar ata bilər?
– Ermənistan, Azərbaycan və Gürcüstan kimi ölkələrin texnoloji startaplarını qlobal innovasiya zəncirlərinə tam şəkildə inteqrasiya etmək üçün əsas addım birgə hərəkət etmək və vahid “Caucasus Tech Hub” yaratmaqdır. Bu, regional koordinasiyanı tələb edir. Belə ki, texnoloji mütəxəssislər üçün viza prosedurlarının sadələşdirilməsi, intellektual mülkiyyətin mühafizəsi üzrə birgə standartların müəyyənləşdirilməsi kimi ümumi qaydaların uyğunlaşdırılması regionu xarici investorlar üçün daha cəlbedici edəcək. Bununla yanaşı, güclü ixracyönümlü fokus vacibdir, yəni şirkətlər xüsusilə də süni intellekt kimi sahələrdə lokal IT xidmətlərindən qlobal bazara çıxarıla bilən texnoloji məhsullar yaratmağa təşviq edilməlidirlər. Həmçinin, “yumşaq” maneələr, yəni “soft infrastructure” aradan qaldırılmalıdır. Beynəlxalq bankçılıq və investisiya prosedurları startaplar üçün maksimum əlçatan edilməlidir. Bu, qlobal diasporanın kapital və ekspertizasının ekosistemə sərbəst şəkildə geri axmasına şərait yaradacaq.
– Siz dövlət və korporasiyalar arasında əməkdaşlığı fəal təşviq edirsiniz. Startap və texnoloji klasterlərin dəstəklənməsində hansı dövlət–özəl tərəfdaşlıq (DÖT) modelləri effektivliyini sübut edib? Bu modelləri Azərbaycanda tətbiq etmək mümkündürmü?
– Dünyanın 60-dan çox qlobal məkanında əldə etdiyimiz təcrübəyə görə, texnoloji klasterlər üçün ən effektiv DÖT modeli “Open Innovation Ecosystem Hub” (“Açıq İnnovasiyalar Habu”) adlanır. Bu model Azərbaycanda da asanlıqla tətbiq oluna bilər, çünki iştirakçıların rollarını aydın şəkildə müəyyən edir, dövlət strateji “lövbər” qismində çıxış edir, legitimlik, ilkin maliyyə və stabil tənzimləyici mühit təmin edir. Startapların seçimi və akselerasiyası, qlobal vençur investorların cəlbi və s. kimi əməliyyatlar isə tam şəkildə “Plug and Play” kimi özəl ekspertlərə həvalə olunur. Hibrid model yerli biznesi də rəsmi müştəri kimi prosesə cəlb edir: istər dövlət iştiraklı, istərsə də özəl böyük şirkətlər startaplarla pilot layihələr həyata keçirir. Nyu-Cersidəki Hoboken qovşağımız buna nümunədir. Biz “New Jersey Economic Development Authority”, “Steven’s Institute of Technology” və “Prudential” ilə əməkdaşlıq etmişik. Azərbaycanda oxşar bir DÖT modeli SOCAR və ya “Veyseloğlu” kimi şirkətləri cəlb etməklə qurula bilər.
– Azərbaycan Avropa və Asiya arasında öz strateji mövqeyindən istifadə edərək Şərq və Qərb innovasiya ekosistemləri arasında “körpü”yə necə çevrilə bilər?
– Azərbaycan əsl innovasiya “körpüsü”nə çevrilmək üçün ideal mövqedədir. Biz bu prosesdə iştirak etdiyimizə və ölkənin coğrafi mövqeyinin güclü rəqabət üstünlüyünə çevrilməsinə dəstək verdiyimizə görə məmnunuq. Ölkənin energetika və tranzit sahələrdəki ənənəvi rolu dəyişdirilməli və diversifikasiya edilməli, Azərbaycan rəqəmsal və insan kapitalına əsaslanan bir dəhlizə çevrilməlidir.
Bu yanaşma iki istiqaməti nəzərdə tutur:
• “Rəqəmsal İpək Yolu” kimi iri layihələrin tam başa çatdırılması və effektiv istifadəsi; bu, Bakını Avropa və Asiya arasında ən sürətli və etibarlı data-haba çevirəcək.
• Ölkənin sabitliyindən istifadə edərək neytral və qonaqpərvər bir mühitin yaradılması; buraya sadələşdirilmiş viza prosedurları və “GreenTech”, “EnergyTech” kimi ixtisaslaşmış klasterlər daxildir. Bu klasterlər birbaşa Qərb korporasiyaları ilə Mərkəzi Asiya startaplarının birgə layihələrini cəlb edəcək, yerləşdirəcək və dəstəkləyəcək.
Məlumat axını, yaşıl texnologiyalar və insan kapitalına fokuslanmaqla Azərbaycan Avrasiya innovasiyaları üçün əvəzolunmaz “qapı”ya çevrilə bilər.
– İnkişaf etməkdə olan ölkələr (məsələn, Latın Amerikası və Qafqaz) arasında innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlıq potensialı görürsünüzmü?
– Sözsüz ki, Qafqaz və Latın Amerikası kimi inkişaf etməkdə olan regionlar arasında innovasiya sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Biz bunu öz təcrübəmizdən görürük, çünki “Plug and Play” qlobal fəaliyyət göstərir və Braziliya kimi ölkələrdə “FinTech”, “AgriTech” və digər sahələr üzrə güclü proqramlar həyata keçirir. Hər iki region əsasən inkişaf etməkdə olan bazarlardan ibarətdir və oxşar çağırışlarla üzləşir. Bura xarici kapital cəlb etmək və artan əhali üçün dövlət xidmətlərini sürətlə rəqəmsallaşdırmaq zərurəti daxildir. Onlar inkişaf etmiş ölkələrin buraxdığı səhvlərdən yayınaraq kontekstə uyğun və daha əlçatan həlləri bir-biri ilə paylaşa bilərlər. Əsas element regionlararası “soft landing” proqramlarının təşkili və praktiki məsələlərə yönəlmiş, bərabər tərəfdaşlıq əsasında təcrübə mübadiləsi üçün platformaların yaradılmasıdır. Bu platformalar hər iki regionun güclü olduğu sahələrə, məsələn, “AgriTech” və ya “EdTech”ə fokuslanmalıdır. Belə yanaşma birgə rəqəmsal inkişaf prosesini sürətləndirir.