AZ

Zelenskinin Dublinə enişinə naməlum hərbi dronlarla müdaxilə cəhdi olub

İrlandiya mediası dörd yüksək qiymətli hərbi dronun prezident təyyarəsinin uçuş trayektoriyasını kəsməyə çalışdığını yazır...

Poliqon xəbər verir ki, The Journal nəşrinin məlumatına görə, bazar ertəsi gecə İrlandiyanın paytaxt hava limanında Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsinin enişindən dəqiqələr sonra naməlum mənşəli dörd hərbi tipli dron uçuşsuz zona qaydalarını pozaraq onun uçuş xəttinə doğru istiqamətlənib.

Məlumata əsasən, Zelenskinin təyyarəsi planlaşdırılandan bir qədər əvvəl eniş edib və dronlar məhz həmin anda prezident təyyarəsinin olması gözlənilən nöqtəyə çatıb. Dronların işıqlarının yandırılmış vəziyyətdə olması təhlükəsizlik orqanlarına bunun məqsədli şəkildə enişə mane olmaq üçün həyata keçirildiyini düşündürüb.

Hadisə zamanı Zelenskinin səfəri ilə bağlı gizli şəkildə Dublinin sahillərində yerləşdirilmiş İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus “LÉ William Butler Yeats” gəmisi də insidentin obyektlərindən birinə çevrilib. Məlumatlara görə, dronlar prezident təyyarəsini buraxdıqdan sonra həmin hərbi gəmiyə doğru istiqamət dəyişiblər.

İstintaqa yaxın mənbələr bildirir ki, dronlar Dublinin şimal-şərqindən, mümkün variant kimi Hout bölgəsindən havaya qalxıb və iki saatadək havada qalıb. Polis onların quru ərazisindən, yoxsa müşahidədən yayınan bir gəmidən buraxıldığını araşdırır.

İrlandiya hakimiyyəti dronları vurmaq qərarına gəlməyib. Həmin vaxt ölkənin Hava Korpusuna məxsus patrul təyyarəsi hadisə yerində olsa da, müdaxilə etməyib. Dronların hazırkı taleyi və onları idarə edən şəxslər hələlik müəyyən edilməyib.

İrlandiya xüsusi xidmət orqanları müəyyən edib ki, Dublin hava limanındakı dronlar böyük ölçülü, “son dərəcə bahalı” və hərbi təyinatlı olub. Hadisə təhlükəsizlik qurumları tərəfindən “hibrid hücum” kimi qiymətləndirilir. Baş nazirə və təhlükəsizlik strukturlarının rəhbərlərinə insident barədə bir neçə saat sonra məlumat verilib. Zelenski komandasının bu məsələdən rəsmi şəkildə xəbərdar edilib-edilmədiyi isə məlum deyil.

Poliqon.info

Seçilən
95
poliqon.info

1Mənbələr