Hər iki ölkə İsrailin müsabiqəyə buraxılması qərarından sonra yarışmada iştirakdan imtina etdiyini açıqlayıb...
Poliqon xəbər verir ki, İsrailin 2026-cı il “Avroviziya” mahnı müsabiqəsinə buraxılması bir neçə Avropa ölkəsinin etirazına səbəb olub. Son olaraq İspaniya və İrlandiya müsabiqəni boykot etdiklərini rəsmən bəyan ediblər.
Madrid və Dublin hakimiyyətləri bildiriblər ki, İsrailin Qəzzadakı hərbi əməliyyatlar fonunda yarışmaya daxil edilməsi “mədəni platformanın siyasiləşdirilməsi” kimi qiymətləndirilir və belə şəraitdə iştirak etmək “etik baxımdan qəbuledilməzdir”. Hər iki ölkənin yaydığı açıqlamalarda qeyd olunub ki, İsrailin müsabiqəyə qəbulu “insani vəziyyətin ağır olduğu bir zamanda səhv siqnal” göndərir.
Məlumata görə, boykot qərarı İspaniyanın RTVE və İrlandiyanın RTÉ dövlət yayımçıları tərəfindən Avropa Yayım İttifaqına (EBU) rəsmi şəkildə təqdim edilib. Hər iki qurum bildirib ki, bu addım yalnız siyasi mövqe deyil, həm də “ictimai narazılığın” nəticəsidir. Sözçülər əlavə ediblər ki, əgər EBU qərarına yenidən baxsa, mövqe dəyişdirilə bilər.
Son həftələrdə digər bir neçə ölkədə də İsrailin yarışmaya buraxılmasına dair geniş ictimai müzakirələr aparılır. Bəzi ictimai yayımçılar iştirakın dondurulmasını nəzərdən keçirdiklərini bildiriblər, lakin hələlik rəsmi boykot qərarı açıqlamayıblar.
Mütəxəssislər qeyd edirlər ki, bir neçə ölkənin ardıcıl şəkildə geri çəkilməsi “Avroviziya-2026” üçün ciddi nüfuz və təşkilati problemlər yarada bilər.
Poliqon.info