AZ

ABŞ səfiri Barak: “1919-cu ildən bəri milli dövlətlər bizi bloklayır”

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak Yunanıstan mətbuatına müsahibə verib.

Editor.az xəbər verir ki, diplomat açıqlamasında mövcud siyasi strukturların tarixi ticarət yollarının fəaliyyətinə maneə yaratdığını bildirib.

Tom Barak Yunanıstan mediasına şərhində Türkiyə–Yunanıstan münasibətlərinə və qədim ticarət xəttlərinə toxunub:

“Keçmiş bizə nə öyrədir? Ədviyyat və İpək Yolları Şərqlə Qərbi birləşdirərək sivilizasiyaların qovuşmasına şərait yaradıb. Bu proses yenidən baş verə bilərdi, lakin 1919-cu ildən bəri milli dövlətlər buna mane olur. Hər bir ölkənin fərqli idarəçilik forması ilə ayrıca dövlət kimi mövcudluğu ideyası özünü doğrultmadı”, – deyə Barak qeyd edib.

Diplomat Halki Seminariyasının yenidən fəaliyyətə başlaması ilə bağlı məsələyə də münasibət bildirib:
“Biz 2026-cı ilin sentyabrında seminariyanın potensial olaraq yenidən açılmasını planlaşdırırıq. Bu prosesə nəzarət etmək və müzakirələri dəstəkləmək üçün buradayıq”.

Səfir Kipr məsələsinə toxunarkən kəskin bənzətmədən istifadə edib:

“Sağlam bədənin ortasında abses ola bilməz. Bədənin hər bir üzvü mütləq sağalmalıdır. Kipr bu baxımdan əsas komponentdir”.

Barak əlavə edib ki, regionda yeni dialoq mərhələsinin başlandığını düşünür: “Dünyada baş verənlər keçmişdəki narazılıqları kənara qoyub yeni paradiqma yaratmaq üçün fürsət yaradır. Bu proses Yunanıstan və Türkiyədən başlamalıdır. Bir-birinə tarixi bağlarla bağlı iki böyük ölkənin min illər əvvəlki hadisələrə görə düşmənçilik saxlaması üçün heç bir əsas yoxdur. Biz prezidentimizlə də bu barədə danışmışıq – bu iki ‘kərpici’ yeni bir şəkildə bir araya gətirmək mümkündürmü?”

// Gülnarə Abasova, Editor.az

Seçilən
101
editor.az

1Mənbələr