BAKI, 4 dekabr. TELEQRAF
Yaponiya hökuməti 19-20 dekabr 2025-ci il tarixlərində Tokioda beş Mərkəzi Asiya dövləti ilə sammit təşkil etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "Nippon" məlumat yayıb.
Yaponiyanın baş naziri Sanae Takaiçi ilə Mərkəzi Asiya ölkələrinin liderləri arasında ikitərəfli görüşlərin keçirilməsi imkanları da nəzərdən keçirilir.
Belə bir sammitin keçirilməsi ideyasını hakim Liberal Demokrat Partiyasının (LDP) sədr müavini Taro Aso açıqlayıb. LDP-nin Mərkəzi Asiya ölkələri ilə dostluğun möhkəmləndirilməsi üzrə parlament qrupunun iclasında o qeyd edib ki, son 6 ayda Rusiya, Çin və ABŞ Mərkəzi Asiya ilə belə sammitlər keçirib. Ona görə də Yaponiya üçün “belə sammitlərin uğurla keçirilməsi” çox vacibdir.
Qeyd edək ki, Yaponiya və Mərkəzi Asiya ölkələri arasında ilk sammit 2024-cü ilin avqustunda Qazaxıstanda keçirilməli idi. Lakin görüş ləğv edilib. Yaponiyanın keçmiş Baş naziri Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökuməti ölkə sahillərində güclü zəlzələ ehtimalı ilə bağlı fövqəladə xəbərdarlıqdan sonra sammiti keçirməmək qərarına gəlib.