AZ

Vətəndaşın başına gələnlər: icbari sığorta ilə müayinələrə həkimlər ciddi yanaşmır?

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son vaxtlar gündəmdəki əsas müzakirə mövzularından biri icbari tibbi sığorta ilə bağlıdır. Çünki gələn ildən işsizlər, rəsmi iş yeri olmayan şəxslər yanvarın 1-dən ödənişsiz müayinə və müalicə imkanından məhrum olacaqlar. Daha doğrusu, dövlətin tabeliyində olan tibb müəssisələrində xidmətlərdən yararlanmaq istəyirlərsə, o zaman aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəməlidir. İcbari tibbi sığorta ilə əhaliyə göstərilən xidmətin keyfiyyəti də bir başqa problemdir.

Bizimyol.info xəbər verir ki, paytaxt sakini Aytən Məmmədova 3 saylı poliklinikadakı müayinənin nəticələrinə güvənsə də, bir müddət sonra deyilənlərin yanlış olduğu üzə çıxıb.

Şikayətçinin sözlərinə görə, təxminən ay yarım əvvəl səhhətində problem yaranıb və bu səbəbdən poliklinikaya gedib: “Vəziyyətim yaxşı deyildi, kəskin öskürək, qızdırma, halsızlıq kimi şikayətlərim vardı. Sağalmaq üçün müəyyən dərmanlar qəbul etdim, sistem vurdurdum, heç bir dəyişiklik olmadı. Oktyabrın 27-də poliklinikaya getdim. Sahə həkimi vəziyyətimi görən kimi rentgen müayinəsinə göndərdi. Rentgen müayinəsi 1-2 dəqiqə çəkdi, dedi ki, ağciyərlər təmizdir, problem yoxdur. Sahə həkimi vəziyyətə uyğun iki iynə və öskürək dərmanı yazdı”.

Şikayətçi bildirir ki, həmin iynə-dərmanı qəbul etsə də, vəziyyəti dəyişməyib. Əksinə, daha da pisləşib. Noyabrın 11-də özəl klinikaların birinə müraciət edib: “Orada rentgen həkimi ətraflı müayinə elədi və ikitərəfli pnevmaniya diaqnozu qoyuldu. Bunun əsasında Ağciyər Xəstəlikləri İnstitutuna müraciət etdim. Orada əlavə müayinələrdən sonra həkim müalicə yazdı. Ondan sonra vəziyyətim yaxşılaşdı”.

Aytən Məmmədova gileylənir ki, icbari tibbi sığorta ilə müraciətlərdə bəzən həkimlər müayinə və müalicələrə ciddi yanaşmırlar: “Əlbəttə, tibbi sığorta ilə əməliyyat olunanlar var, bunun müsbət tərəflərini inkar etmək olmaz. Amma bir sıra həkimlər tibbi sığorta ilə müraciət edən vətəndaşlara ciddi yanaşmırlar. Bu, bütün həkimlərə aid deyil. Təbii ki, işini vicdanla görən, xəstəyə həssas yanaşanlar da az deyil. Mən müşahidələrimi deyirəm”.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
bizimyol.info

1Mənbələr