Mahaçqalada saxta cərrah bir qadını öldürüb, onlarla qadını şikəst edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Təhsili olmayan “həkim” arıqlamaq istəyən qadınları şikəst qoyub, iki nəfər reanimasiyadadır.
Məlumata görə, Dağıstanın Mahaçqala şəhərində tibbi təhsili olmayan Raisat Alqasanova adlı cərrah arıqlamaq üçün ona müraciət edən onlarla qadının sağlamlığına ciddi zərər vurub.
Əməliyyatlar nəticəsində bir pasiyent dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Digər zərərçəkənlərdə isə müxtəlif ağırlaşmalar – infeksiya, nekroz və sepsis (qan zəhərlənməsi) aşkarlanıb.
Pasiyentlər cərrahi müdaxilələrin tam antisanitariya şəraitində həyata keçirildiyini bildiriblər.
Hadisə ictimailəşdikdən və böyük rezonans doğurduqdan sonra saxta həkim məsuliyyətdən yayınmaq məqsədilə sağ qalan qurbanlarına susmaları üçün pul təklif etməyə başlayıb.
Xuraman Etibarlı
İnterpress.az